Avqustun 26-da Elşad Məmmədov Prezident Administrasiyasında olub. Ona öncə Qanunvericilik və hüquq şöbəsinin müdiri Şahin Əliyev qəbul edəcəyi bildrilsə də, sahibkarı özünün qeyd olunan şöbənin əməkdaşı kimi təqdim edən Ayxan Əlməmmədov qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, iş adamı “Azadlıq”a açıqlamasında bildirib ki, yaranmış problemlə bağlı üç dəfə PA-da olub. Ona hər dəfə vədlər verilərək, problemin araşdırılacağını bildirsələr də, hazırda vəziyyətlə bağlı heç bir irəliləyiş müşahidə olunmur.
Sahibkara növbəti dəfə problemini araşdırıb həll edəcəklərini bildiriblər. E.Məmmədov deyir ki, görüşlərin bu günə qədər heç bir nəticəsi yoxdur.
Sahibkar ayda bir dəfə qəbul günləri olan şöbə müdirlərinin qəbuluna 3 ildir ki, yazılmağına baxmayaraq, bu müddət ərzində onu heç bir şöbə müdiri qəbul etməyib.
Hazırda yaşamağa yeri olmayan Elşad Məmmədovun sözlərinə görə, onun övladları builki təhsil prosessindən uzaq düşəcək. Belə ki, hazırda evi olmayan sahibkar övladlarını məktəbə qoymağa heç bir imkana sahib deyil.
Elşad Məmmədov bir daha deputat Qənirə Paşayevadan onunla görüşməyi və bu haqsızlığı prezident və onun xanımı Mehriban Əliyevaya çatdırılmasını xahiş edib.