Ahıl qadının əl-ayağını bağlayıb qızıllarını aldılar

ahil-qadinin-el-ayagini-baglayib-qizillarini-aldilar
Oxunma sayı: 1909

İki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə gecə saatlarında  daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı,  izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.