Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını bildirdi

Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını bildirdi
Oxunma sayı: 677

İyulun 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, telefon söhbəti zamanı tərəflər üçtərəfli bəyanatların icrası və bölgədəki cari vəziyyət ilə bağı fikir mübadiləsi aparıblar.

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanla Azərbaycanın sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində iyulun 23-də bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, iyulun 28-də isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və ölkəmizin beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ-nin xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.