Aİ rusiyalı milyarderləri sanksiyalar siyahısına əlavə etdi

ai-rusiyali-milyarderleri-sanksiyalar-siyahisina-elave-etdi
Oxunma sayı: 2309

Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna müharibəsi səbəbindən hazırladığı yeni sanksiya siyahısı Aİ-nin rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, sanksiya siyahısına kömür və gübrə milyarderi Andrey Melniçenko, gübrə istehsalçısı, milyarder Andrey Quryev, polad boru istehsalçısı, milyarder Dmitri Pumpians və qida milyarderi Vadim Moşkoviç əlavə edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəni və iş adamı Aleksandr Vinokurov, kimya sənayesində fəaliyyət göstərən Dmitri Arkadiyeviç Mazepin və onun oğlu, “Formula 1” pilotu Nikita Mazepin və Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot”un baş direktoru Mixail Poluboyarinov, 14 oliqarx və Rusiya Federal Şurasının 146 üzvü sanksiyalar siyahısına əlavə edilib.

Onların aktivləri dondurulub və səyahət qadağası qoyulub.

Bundan əlavə, Rusiyaya dəniz naviqasiyası və radiorabitə texnologiyalarının birbaşa və ya dolayı satışı, tədarükü, ötürülməsi və ya ixracı qadağan edilib.

Martın 20-dən etibarən Belarus İnkişaf Bankı, “Belagroprombank”, “Bank Dabrabyt” və onların törəmə şirkətləri tərəfindən SWIFT-dən istifadə qadağan edilib.

Həmçinin, ehtiyatların və aktivlərin idarə edilməsi ilə bağlı Belarus Mərkəzi Bankı ilə əməliyyatlar və Belarus dövlət qurumlarına maliyyə xidmətlərinin göstərilməsi qadağan edilib.

Belarus vətəndaşlarına, həmçinin, Aİ banklarına 100 min avrodan çox pul yatırmaq və Belarusa avro əskinaslarının tədarükü qadağan edilib.