“Ailə tərbiyəmə uyğun yazı deyildi...”

aile-terbiyeme-uygun-yazi-deyildi
Oxunma sayı: 2792



-Özünüz haqda oxuculara kiçik məlumat verin

- Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan Filologiyası fakultəsinin 3-cü kurs tələbəsiyəm. Uşaqlıqdan esse, hekayə, köşə yazısı janrlarında yazmağa həvəsim var. Sadəcə düşündüyümü, gerçək həyatda rastıma çıxanları, hiss etdiklərimi vərəqə köçürürəm. Ona görə yazmaq məni mənəvi rahatlığa qovuşdurur. 

-Necə düşünürsüz, bu gün postmodernist yazar olmaq çətindir?

- Postmodernist yazar olmaq. Açığı heç vaxt öz işimə ad qoymuram, nə olmasından asılı olmayaraq. Yazmaq üçün özünü hansısa sahədə ixtisaslaşdırmaq, məncə, düzgün deyil. Daha doğrusu, buna nə ehtiyac var? Sən yaz və kimsə o yazıda özünü, düşüncələrini, hətta nadir hallarda ağlının ucundan keçənləri tapsın. Mən yazmıram ki, özümü postmodernist yazıçı hesab edim. Mən yazıram ki, bu yolla həm özümə, həm də başqalarına yardım edim. Məqsəd məni oxuyub ağlamaq deyil, məqsəd mənim hisslərdə oxucuma şərik olduğumu isbat etməkdir. Daha əvvəl sadəcə özüm üçün yazırdım, ürəyimi sakitləşdirim deyə. Sonra anladım ki, yazdıqlarım dərc olunursa, bu artıq "mənim" olmaqdan çıxır, kütləyə xidmət edirəm. 

-Sizin bir yazınız “Fahişənin məktubu” hansı saytda yayımlanmışdısa, yaxşı oxunmuşdu. Razısızmı başlığa görə oxunmuşdu?

- "Fahişənin məktubu" oxundu, bəli. Amma mənim fəaliyyətimə yaradıcılıq demək olarsa, bunu şedevr hesab etmirəm. Bir məzlumun, hər zaman "uçurum, uçurum" deyib aləmə car çəkdiyimiz anlayışın əsl simalarından birini qələmə aldım, xəbərdarlıq etdim. Yaşıma, ailə tərbiyəmə, mənəviyyatıma uyğun yazı deyildi, amma hisslərimlə bacarmadım və yazdım. Vicdanım soyuqqanlılığıma meydan oxudu, qalib gəldi. Düzünü desəm, əvvəlcə düşündüm ki, hamı başlığa qaçdı, ona görə saytlarda oxunma sayı bir sutka ərzində minləri aşmışdı. Amma sonra əvvəlki bir neçə hekayə və essemi xatırladım, tam olaraq bu sayda olmasa da onların da kifayət qədər oxucu sayı var idi. Mühüm olan kütləyə yazmaqdır, düzgün olanı paylaşmaqdır, hansısa mövzuda yardımçı olmaqdır. Başlıq seçmək olduqca çətindir, uğursuz seçiləcəyi təqdirdə auditoriyanı itirirsən, başlığı təmtaraqlı edib mətni "qara günə qoyanda" da eyni hal yaşanır. Buna görə də heç bir saxtalığa yol vermədən hisslərin diqtəsi ilə hərəkət etmək lazımdır.

- Adətən yazarlar başlığı yazıb yazıya start verirlər. Sizdə necədir əvvəl, yoxsa yazıb sonra başlıq fikirləşirsiz?

 - Buna daha qısa cavab verəcəm. Həmişə ağlımda olanları gündəliyimdə cızma-qara şəklində qeyd edirəm. Sonra haçalı fikirləri zəncirin halqaları kimi bir-birinə keçirməyə başlayıram. Son məqam başlığın qoyulmasıdır. Gözlərimi yumub 10 saniyəyə kimi sayıram, bu vaxt ərzində ürəyimin pıçıldadığı ad hekayənin başlığında təzahürünü tapır. Heç vaxt o səsin söylədiklərini təhrif etmirəm. 

- Kimləri daha çox oxuyursuz?

- Adətən bədii əsərləri çox mütaliə etdiyimə görə "Kitab oğrusu" adlandırılırdım. Desəm ki, heç vaxt oğurluq etməmişəm, yalan olar. O da babamın və anamın kitabxanasından. Mənə qadağan edilən kitablara qarşı xüsusi ehtirasım olurdu, dəli kimi var-gəl edib onları ələ keçirməyin üsullarını fikirləşirdim. Şirin dilimə salırdım, ağlayırdım, küsülü qalırdım, alınmırdı yenə. Axırda məcburən hamı yatandan sonra gedib tapırdım, səhərə kimi yorğanın altında fənərlə oxuyardım. Elə bilirsiniz, bunlar ancaq filmlərdə olur? İstər dünya, istərsə də Azərbaycan ədəbiyyatından müxtəlif yazıçı və əsərləri ilə tanışlığım var, klassik, modern, postmodern və s. fərq etmir. Azərbaycanlı postmodernistlərə nəzər salsaq, mənim seçimim Kamal Abdulla, Aqşin Yenisey, Məqsəd Nur, Tehran Əlişanoğlu, Orxan Fikrətoğlu kimi yazıçı-filosof, publisistlərdir. Adı sadalananlardan ikisi- Tehran Əlişanoğlu və Orxan Fikrətoğlu müəllimlərim, Kamal Abdulla isə Bakı Slavyan Universitetinin sabiq rektorudur. Onlardan təsirlənməyim də əsassız deyil. Yazıda "mən" olsam da, texnologiyada onların təlqini, mənəvi, bədii-estetik tərbiyəsi böyük əhəmiyyət daşıyıb. 

-Bu gün gənc yazarlar necə etməlidir ki, məşhur olsunlar?

- Məşhurluq? Desəm ki, heç can atmamışam, yalan olar. Bunun da bir sıra səbəbləri var. Uşaqlıqda bəzi məqamlar ucbatından uzun zaman ünsiyyətsiz qalmışam, hələ də yeni insanlar tanımağa, dostluqlar qazanmağa, ünsiyyət yaratmağa "acam". Yazmaq qorxularıma qalib gəlmək idi mənim üçün və təbii ki, rahatlıq tapmaq. İndi dostlarım da var, tanışlar da, tək özümə görə yox, onlar üçün də yazıram. Amma daha irihəcmli auditoriya qazandığımın fərqindəyəm. Məşhur olmağı istəyən biri gərək əsaslı, faydalı yaradıcılıq məhsulları qoysun ortaya. Artıq "mən" və "biz"dən başqa leksikonuna danılmaz kvartet - "sən", "siz", "o", "onlar" da daxil olmalıdır. Tək özünü yox, başqalarını da düşünməlidir. Hadisələrə subyektiv yox, obyektiv qiymət verməyi bacarmalıdır, bax o zaman qazanacaq. Məncə, məşhurluğun açarı da budur. Təkcə məşhurluq barədə düşünən adam müvəffəqiyyət qazanmır.

- Ümumiyyətlə, gənc yazarlara qayğı göstərilirmi?

- Gənc yazarlara qayğı var desəm, var. Yox desəm, yalan olar. Heç kimin qələmindən yapışıb deyən yoxdur sən bunu yazma. Baxır, nə və kimə yazırsan. Təqdimat tərzi də mühümdür. İnternet bizi digər sahələrdə olduğu kimi bu məqamda da olduqca dəstəkləyir məsələn. Nə istəyirsən yaz, bloqunda, sosial şəbəkələrdə, saytlarda. Amma yazmamışdan əvvəl əlini vicdanına qoy, qeyrətinə söykən, etikana kölə ol. Ağzınagələni yazmaq mənfini tənqid etmək, müsbəti mübaliğəyə çevirmək deyil. Yazıçılar birliyində tez-tez gənc yazarların cəlb olunduğu müsabiqələr, görüşlər keçirilir. Bu yaxınlarda birinin iştirakçısı olmaq niyyətindəyəm. Masanın arxasından durub qapını açmayan insan gələn qonağın kim olduğunu necə öyrənə bilər? Bu da onun kimidir, gərək özün də çevik olasan, maraqlanasan, əlindəki imkanları dəyərləndirəsən.

 Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.