Ailə üzvlərini öldürüb intihar etdiyi deyilən milyonerin oğlu danışdı

aile-uzvlerini-oldurub-intihar-etdiyi-deyilen-milyonerin-oglu-danisdi
Oxunma sayı: 3181

Xəbər verdiyimiz kimi, İspaniyada Rusiyanın qaz hasilatı üzrə nəhəng şirkətlərindən biri “Novatek”in keçmiş top meneceri Sergey Protosenyanın cəsədi aşkar olunub. Milyonerlə yanaşı onun həyat yoldaşının və qızının da cəsədi Barselona yaxınlığında icarəyə götürülmüş villada aşkarlanmışdı. İlkin məlumata görə, 55 yaşlı Protosenya həyat yoldaşı və yeniyetmə qızını balta və bıçaqla qətlə yetirib, bunun ardınca isə özünü asaraq intihar edib. Cinayət zamanı istifadə olunan alətlər isə milyonerin cəsədinin yanında aşkar edilib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, Sergey Protosenyanın oğlu Fedor qətlin atası tərəfindən törədildiyi ilə bağlı iddiaları rədd edib.

“Atam qatil deyil. O anamı, xüsusilə də bacımı çox sevərdi. Bacım onun şahzadəsi idi. Atam onlara zərər vuracaq heç nə etməzdi”, - deyə Fedor Protosenya söyləyib.

Belə məlum olub ki, Fedor hadisə baş verən gün Pasxanı qeyd etmək üçün ailənin Fransada olan villasında olub. O, həmin gün ailəsindən heç kəslə əlaqə saxlaya bilməyib və narahatlıq keçirib. Bunun ardınca, o, İspaniya polisindən ailəsinin olduğu evə getməyi istəyib.