Ailəsi ilə birgə “Cundul Şam”a qoşulan Bəxtiyara hökm oxundu

ailesi-ile-birge-cundul-sama-qosulan-bextiyara-hokm-oxundu
Oxunma sayı: 2449

Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham edilən Bəxtiyar Şıxıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən B.Şıxıyev verilmiş ittihamla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. 33 yaşlı Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan əməllərə görə, ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Sail Ağasəlim