Akademiya müsabiqələr elan edəcək

akademiya-musabiqeler-elan-edecek
Oxunma sayı: 1012


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnaməyə uyğun olaraq, mükafatın mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə təqdim edildiyi bildirilib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən medalla təltif etmək səlahiyyəti AMEA-nın rəyasət heyətinə verilib. Rəyasət heyəti medal ilə təltif etmək üçün Qaydaların təsdiqlənməsi və müsabiqə elan olunması haqqında qərar qəbul edib.

Sonra iclasda AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan olunması məsələsi müzakirə edilib. Bildirilib ki, müvafiq əsasnamələrə uyğun olaraq elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə adlı mükafatlar təsis edilib.

Rəyasət heyəti AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə 2015-ci il üçün müsabiqə elan olunması barədə qərar qəbul edib. Vurğulanıb ki, bu mükafatlar müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

“Nizami Gəncəvi adına Qızıl medal”a və adlı mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.