“Akkord”-dan 200 minlik iddia ilə bağlı - Açıqlama

akkord-dan-200-minlik-iddia-ile-bagli-
Oxunma sayı: 1602

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “Leqal Hüquq” MMC-nin rəhbəri Tahir Həsənovun iddialarına cavab verib.

ASC-dən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilib ki, özünü “Leqal Hüquq” MMC-nin direktoru kimi təqdim edən Tahir Həsənovun ilkin iddiasından bir qədər sonra özü də təsdiq etməyə məcbur olub ki, məsələyə məhkəmə qaydasında baxılaraq tam aydın və ədalətli hüquqi qiymət verildiyini desin:

“Halbuki Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində “Leqal Hüquq” MMC-nin qanuni təmsilçisi, direktoru kimi Lətif Ədil oğlu Nəbiyev qeyd edilib. Öz tərəfimizdən bir daha diqqətinizə çatdırırıq ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə “Leqal Hüquq” MMC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddiası tam əsassız hesab edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razı olmayan “Leqal Hüquq” MMC sonradan qeyd olunan qərardan kassasiya şikayəti verib və Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Göründüyü kimi məsələyə tam hüquqi qiymət verilib”.

Qeyd edək ki, T.Həsənov “Qafqazinfo”ya müraciət edərək “Akkord”dan verilən sifariş əsasında Şəmkir şəhərində kanalizasiya xətləri çəkdiklərini, əvəzində isə ödənilməli olan xidmət haqqını ala bilmədiklərini bildirib.

Murad Əhməd