“Akkord” istedadlı gənclərə dəstək verir

akkord-istedadli-genclere-destek-verir
Oxunma sayı: 645

“İdeyanı inşa et” şüarı altında keçirilən müsabiqənin finalı bu gün “Qafqaz Point” otelində keçirilib. “Akkord”un İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən “KSM Azərbaycan” şirkətinin direktoru Rəşad Camal Korporativ Sosiaı Məsuliyyət, onun cəmiyyətdə rolu və «Ak2reaktiv» müsabiqəsi haqqında danışıb.
Daha sonra tədbirdə “Akkord” Korporasiyasının İdarə Heyətinin üzvü Xəyal Məmmədxanlı çıxış edib. O, həyata keçirilən layihənin əhəmiyyətindən, həmçinin “Akkord” Korporasiyasının gənc və istedadlı mütəxəssislərin yetişməsi işinə verdiyi önəm və töhfələrdən danışıb, müsabiqənin qaliblərini təbrik edib. Bundan sonra qaliblərə “Akkord” Korporasiyasının pul mükafatları, sertifikat və korporativ hədiyyələri təqdim olunub. Tədbirdə müsabiqəyə göndərilmiş işləri dəyərləndirən jüri üzvləri - ölkənin memarlıq və inşaat, dizayn, reklam, PR, marketinq sahələrinin tanınmış mütəxəssisləri, həmçinin, laureatlar çıxış ediblər.
Xatırladaq ki, məqsədi inşaat və memarlıq sahəsində kreativ, bacarıqlı gəncləri üzə çıxartmaq olan “Ak2reativ” müsabiqəsinə işlər 4 istiqamət üzrə qəbul olunub: Maket, 3D, Sloqan və Sərbəst konsept. Nəticədə müxtəlif istiqamətlər üzrə göndərilən 42 iş arasından üç iş seçilərək qalib elan olunub.
Beləliklə qaliblər:
I Yer - Sübhan Manafzadə - “Alternativ enerji mənbələrinin şəhərsalmada istifadəsi”.
II Yer - Cavid Abdurəhmanov – “Bag evi”.
III Yer - Əli İbrahimov – “9 Mərtəbə”
Müsabiqənin qalibləri aşağıdakı şəkildə mükafatlandırılıblar:

I yer - 500 AZN + "Akkord" Binalarından 15% Endirim
II yer - 300 AZN + "Akkord" Binalarından 10% Endirim
III yer - 200 AZN + "Akkord" Binalarından 10% Endirim

Tədbirdə müsabiqədə iştirak etmiş bütün digər iştirakçılara da Korporasiyanın hədiyyələri təqdim olunub. Bununla yanaşı, gənc istedadları üzə çıxararaq, onların tanınmasına və inkişafına dəstək verən “Akkord”un hər bir müsabiqə iştirakçısına öz sıralarında təcrübə keçmək və iş imkanı qazanmaq şansı verdiyi bəyan edilib.