“Akkord”un jurnalistlər üçün keçirdiyi treninq başa çatıb

akkordun-jurnalistler-ucun-kecirdiyi-treninq-basa-catib
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, dekabrın 28-də paytaxtdakı “Çıraq Plaza” biznes mərkəzinin konfrans salonunda təşkil olunmuş mərasimdə treninqdə iştirak etmiş KİV nümayəndələri ilə yekun görüş keçirilib. Mərasimdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İdarə Heyətinin üzvləri Xəyal Məmmədxanlı və Samir Qasımov, Korporasiyanın İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyeva iştirak ediblər. Tədbirdə çıxış edən X. Məmmədxanlı treninqin bütün iştirakçılarını Korporasiyanın baş direktoru Xaqani Quluzadənin adından salamlayıb və bu əhəmiyyətli tədbirə qoşulan jurnalistlərə minnətdarlığını bildirib. Treninqin əsas məqsədinin jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəldiyini vurğulayan natiq, bunun da son nəticədə milli mediamızın inkişafına çalışan hər kəsin, o cümlədən fəaliyyətləri barədə informasiyaların ictimaiyyətə səhvsiz və yanlışlıqlarsız çatdırılmasını istəyən milli şirkətlərin marağına xidmət etdiyini diqqətə çatdırıb. Bundan sonra X.Məmmədxanlı treninqdə iştirak etmiş 30-a yaxın iştirakçıya müvafiq sertifikatları və Korporasiyanın hədiyyələrini təqdim edib. Sonda İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyeva bütün iştirakçıları uğurla yekunlaşan treninq münasibətilə təbrik edib və milli mətbuatımızın inkişafına xidmət edən belə tədbirlərin gələcəkdə də keçiriləcəyini bildirib.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün təşkil etdiyi “Maliyyə və İqtisadiyyat təlimi” adlı treninq 19-26 dekabr tarixlərini əhatə edib. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi daşıyan treninqə mühazirəçi qismində dünya şöhrətli PricewaterhouseCoopers audit və konsaltinq şirkətinin baş meneceri Elçin İbadov cəlb edilib. Audit və konsaltinq sahəsində dünyanın “Böyük dördlük” şırkətlərinin sırasına daxil olan PWC-nin tədris bazası əsasında keçirilən treniniqdə iştirak edən bütün jurnalistlər tədbirin yüksək faydasını xüsusilə qeyd ediblər.

Nigar Məmmədli