Albaniyada müxalif deputatlar parlamentdə yanğına səbəb olub - Video

albaniyada-muxalif-deputatlar-parlamentde-yangina-sebeb-olub
Oxunma sayı: 784

Albaniyada müxalif deputatlar parlamentin iclası zamanı etiraz əlaməti olaraq pirotexniki vasitələr yandırıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə ölkənin Baş naziri Edi Ramanın gələn ilə dair büdcə səsvermələri üçün kürsüyə çıxdığı zaman baş verib. 

Bildirilir ki, deputatlar sosialistlərin idarəçiliyinə etiraz olaraq iclas zalının mərkəzində pirotexniki vasitələr yandırıb, eləcə də stolları bir-birinə keçirərək barrikadalar qurub. Nəticədə parlamentdə kiçikmiqyaslı yanğın da baş verib. 

Məlumata görə, parlamentdə 140 yerdən 73-nə sahib olan sol sosialistlər səsverməni sürətlə keçirərək iclası 5 dəqiqəyə bitirib.

Büdcənin hər maddəsi üzrə debatların daha sonra keçiriləcəyi gözlənilir. 

Deputatlardan biri Qazmend Bardi parlamentə öz işini icra etməyə icazə verməyəcəklərini bildirib. 

Agentlik yazır ki, Albaniya müxalifəti Edi Ramanın və digər yüksəkvəzifəli məmurların iştirakı ilə ehtimal edilən korrupsiya hallarının araşdırılması üçün parlamentdə istintaq qruplarının yaradılmasını istəyir.