“Ali məktəblərdə qış tətili 7-10 gün uzadılsın”

ali-mekteblerde-qis-tetili-7-10-gun-uzadilsin
Oxunma sayı: 4868

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin uzadılması təklif edilib.

“Qafqazinfo” xəbər verir ki, bu təklifi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev irəli sürüb.

Millət vəkili qeyd edib ki, koronavirusun "Omikron" ştamının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır: “Omikron” ştamı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də “Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı- ayrı orta məktəblərdə,  siniflərdə və uşaq bağçalarında görürük”.

Musa Quliyev xatırladıb ki, ali məktəblərdə  qış tətili fevralın 15 - də bitir: “Yeni təhsil sessiyasının başlanması “Omikron” ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyildir. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki,  təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sessiyasının dərsləri  fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin”.

Millət vəkili qeyd edib ki, lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10- 15 gündə “Omikron”un yoluxma intensivliyinin enişində müşahidə oluna bilər. 

Eldar Tanrıverdi