Alı Mustafayev anıldı - Foto

ali-mustafayev-anildi-
Oxunma sayı: 3294

Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum gününə həsr olunan “Qorxuram bu dünya unuda məni” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Teymur Həmidov açaraq qonaqları təqdim edib və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin keçdiyi şərəfli ömür yolu barədə məlumat verib. Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin gənc “Şahin”lər komandasının üzvləri hərbi-vətənpərvərlik mahnısı ifa ediblər.

Rayon Təhsil şöbəsinin müdiri, Respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov Alı Mustafayevin dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanındığından danışdı və qeyd edib ki,Vətən uğrunda canından keçən övladlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir.

Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova, Azərbaycan Respublikası Uşaq Fondunun Bərdə rayon şöbəsinin sədri,veteran müəllim Ofelya Hüseynova,məktəbin direktor müavini, Respublikanın əməkdar müəllimi Minayə Nəbbaqi, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışlarında qeyd ediblər ki, hazırda ölkəmizdə Vətən yolunda canından keçməyə hazır oğullarımızın olması Heydər Əliyevin gənclərimizə aşıladığı vətənpərvərlik tərbiyəsinin bariz nəticəsidir.

Məktəb şagirdlərinin Şəhid Alının şeirləri əsasında hazırladıqları musiqili ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.