Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, müqavilə çərçivəsində Ali Məktəbdə İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz olaraq veriləcək. İmzalanma mərasimində Çinin Azərbaycandakı səfirliyinin Ticarət və İqdisadiyyat Məsələləri üzrə konsulu Vanq Çunqanq, səfirliyin attaşesi Ven Qohuey, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin, şirkətin Azərbaycan nümayəndəliyinin proqramlar üzrə meneceri Tao Civen, şirkətin Azərbaycan nümayəndəliyinin müştərilərlə iş üzrə meneceri xanım Cong Din və Ali Məktəbin tələbələri və məsul əməkdaşları iştirak ediblər.
.jpg)
BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının yaradılması üçün “Huawei” şirkətinin dəstəyini yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq müqaviləsinin yekunu kimi tezliklə İKT Akademiyası və laboratoriyasının açılışı olacaq və laboratoriya tələbələrin ixtiyarına veriləcək.
Konsul Vanq Çunqanq bildirib ki, bu cür əməkdaşlıqlar iki dövlət arasında olan münasibətləri daha da möhkəmləndirir və gələcəkdə yeni partnyorluq imkanlarının davamlı olacağına ümid edib.
Lu Tsanlin BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirib və şirkətin əməkdaşlarının Azərbaycanda İKT Akademiyasının və laboratoriyasının qurulmasında iştirakından məmnunluğunu ifadə edib.
BANM və “Huawei” şirkəti arasında əməkdaşlığın hüquqi əsası 23 yanvar 2019-cu il tarixində imzalanmış Anlaşma Memorandumu ilə qoyulub. Bu Memorandum BANM tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək fürsəti yaradır.
Son xəbərlər
Son Xəbərlər