Ali Neft Məktəbinin tələbəsi yeni layihəsini təqdim etdi

ali-neft-mektebinin-telebesi-yeni-layihesini-teqdim-etdi
Oxunma sayı: 1205

Bakı Ali Neft Məktəbində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan V kurs tələbəsi Aydın Nəsirzadənin Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Sənaye 4.0-a doğru” adlı bir aylıq təlim keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssislər tərəfindən keçirilib. Layihə, Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.  

“Sənaye 4.0-a doğru” adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrinin mahiyyətini, vacibliyini və ölkəmizdəki vəziyyətin ən son sənaye inqilabı standartları ilə ayaqlaşması üçün lazımi motivasiyanı verməkdir.

Layihə çərçivəsində təşkil olunan ilk təlimdə Elman Kərimli tərəfindən “Internet of Things” mövzusu müzakirə olunub. İkinci təlimi isə Azərsu ASC-dən nəzarət ölçü cihazları mütəxəssisi Pərviz Hacıyev verib. Üçüncü təlimdə tələbələr BP şirkətinin mühəndisi Elşən Mikayılovun “Funksional təhlükəsizlik” təlimində iştirak ediblər. Sonuncu gün isə, layihə rəhbəri Aydın Nəsirzadə dördüncü sənaye inqilabı mövzusunda yekun təqdimat edib.

İştirakçıların təltifetmə tədbirində iştirak edən rektor Elmar Qasımov gənclərin bu kimi layihələrdə aktiv iştirakından məmnun olduğunu bildirib. Sonda rektor iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edib.