Alim oğuldan utanmaq

alim-oguldan-utanmaq
Oxunma sayı: 3030


Könül Kərimova şəxsi həyatı ilə maraqlanan jurnalistə belə deyib: “Heç bir kişi deyə bilməz ki, nə vaxtsa mənə beş manat verib. Mən, evimi öz pulumla almışam”.

Şou-biznesdə yenicə boy göstərən hansısa müğənni belə iddialı bəyanat versəydi, onun səmimiliyinə şübhə edə bilərdik. Amma Könül xanıma inanmamaq üçün əlimizdə heç bir əsas yoxdur. Könül Kərimova populyar müğənnidir, özünün də dediyi kimi, xalq onu sevir. Biz onu tez-tez müxtəlif toy məclislərində görürük. Könül Kərimova toylardan qazandığı pulla ayda bir ev ala bilər. Sənət adamlarının dili ilə desək, onları xalq dolandırır.

Əgər fikir vermisinizsə, başda Zaur Baxşəliyev olmaqla, tanınmış teleaparıcılar maddi dəstəyə ehtiyacı olan insanları tez-tez öz verilişlərinə dəvət edirlər. Belə proqramların əvəzedilməz qonaqlarından biri müğənni Nadir Qafarzadə olur. Nadir ürəyiyumşaq və səxavətli adam olduğu üçün teleaparıcılar çox vaxt ona müraciət edirlər. Nadir Qafarzadənin hansısa imkansız ailəyə televizor və soyuducu bağışladığının, studiyanın qonağı olan kasıb kişinin cibinə 500 manat pul qoyduğunun dəfələrlə şahidi olmuşam. Əvvəllər tənqid etdiyim bu müğənni indi mənim nəzərimdə Ziya Məmmədovdan qat-qat yaxşı insandır. Görünür, bir çox imkanlı adamlar xeyirxahlığı Nadir Qafarzadədən öyrənməlidirlər. Amma bu fakt köksümü qabartmır. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətinin faciəsi bu həqiqətin arxasında gizlənib.

Ortaya sual çıxır: xeyirxahlıq etmək lazım gələndə niyə tanınmış elm və mədəniyyət xadimləri, aparıcı ziyalılar studiyaya dəvət olunmur? ATV-nin həyətində Zaur Baxşəliyevlə tez-tez qarşılaşırıq. Dəfələrlə bu sualı ona vermək istəsəm də, son anda fikrimdən daşınmışam. Bilirəm ki, Zaur bu sualı dinləyəndən sonra özünəməxsus şirin ləhcə ilə belə cavab verəcək: “Qardaş, onların özlərinin köməyə ehtiyacı var”.

Azərbaycan ziyalılarının necə ağır vəziyyətdə yaşadıqları heç kimə sirr deyil. Valideynlərini eşitməyib, elm arxasınca gedən qohumum Milli Elmlər Akademiyasında çalışmasına baxmayaraq, ayda cəmi 153 manat məvacib alır. Yaşı 30-u haqlasa da, bu günə kimi ailə həyatı qurmayıb. Atası oğlundan narazıdır. Deyir ki, vaxtında onu eşidib, fərli-başlı bir işin qulpundan yapışsaydı, indi evi də olardı, ailəsi də. Alim qohumumuzun evlilik məsələsi hər dəfə gündəmə gələndə, kişi özündən çıxır: “Mən, bu fərsiz oğuldan ötrü heç kimin qapısına gedə bilmərəm”.

Qohumumun səsi olmadığı üçün toylarda oxumaq şansı sıfıra bərabərdir. Amma yaxşı nitq qabiliyyəti var, insanları bir çox mətləblərdən hali edə bilər. Bədbəxtlikdən, indi toylarda söz demək dəbdən düşüb. Bu isə o deməkdir ki, qohumum ancaq məşğul olduğu işdən, yəni elmi fəaliyyətdən pul qazana bilər. Amma Azərbaycan hökumətinin başı neft pullarını mənimsəməyə qarışdığı üçün onun maaşını artırmaq heç kimin yadına düşmür. Buna görə də ata özünə şalvar ala bilməyən oğlu üçün elçi getməyə utanır, ananın isə gəlin gətirmək arzusu gözündə qalır...