Allah üzümüzə baxsın

allah-uzumuze-baxsin
Oxunma sayı: 1151


Şəhərin mərkəzindəki 20 saylı məktəb söküləcəkmiş. Neçə gündür bu xəbər medianın gündəmindən düşmür. Əslində yeni xəbər deyil. Hələ iki il öncə, daha doğrusu, “Avroviziya” yarışmasının ölkəmizdə keçirilməsi ərəfəsində deyilirdi ki, 20 nömrəli məktəb əsas prosektlərdən birində yerləşdiyindən təmirə dayandırılacaq. Həmin vaxtlardan belə söz-söhbətlər də dolaşır ki, məktəb Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tipli təhsil ocağına çevriləcək və burada artıq təhsil almaq ödənişli əsaslarla mümkün olacaq. 

Bəzi ağzıgöyçəklər də deyir ki, məktəbun yerinə hörmətli nazir Kəmaləddin müəllimin gözü düşüb. İstəyir məktəbi çevirib eləsin FHN-in yeni akademiyası.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə bəyan edir ki, məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Çox qəşəng. Bəs əvvəlki illərdə bu məktəbin təmirinə ayrılan pullar hara sovruldu? Yoxsa nazir dəyişdirildi, sovrulan pulların dəftəri də qapandı, indi yeni nazir üçün yeni büdcə gərəkir?

Unudanların yadına salım ki, yenidən əsaslı şəkildə təmir olunacağı gözlənilən 20 saylı məktəbin təmirinə 2007-ci ildə 1 milyon 950 min manat, 2008-ci ildə isə 245 min manat xərclənib. Məktəb 2009-cu ildə təkrar açılıb. Ümumilikdə üç ildə təxminən bir məktəbin təmirinə 3 milyon dollar vəsait xərclənib.

Təhsil İdarəsinin dediyi bu “yeni tələblər” hansılardır ki, 3 milyon dollar onu ödəməyə yetməyib? İndi hər nazir yenilənəndə tikinti-təmir işlərinə ayrılan xərclər də yenilənəcək? Balaca uşaq da bilir ki, pulların silinməsi üçün ən əlverişli sahə təmir-tikintidir. Üstəlik təmirə, müasir tələblərə ehtiyacı olan məktəb də təkcə 20 nömrəli deyil. Və ən əsası, məktəblərin müasirləşməsi şagirdlərin biliklərinin artmasına dəlalət etmir. O məktəbin içərisində bilikli və müasir düşüncəli müəllimlərin də olmasına ehtiyac var. Çox yaxşı olar ki, pullar eyni məktəblərin təmirinə deyil, tədris metodlarının yenilənməsinə sərf olunsun. 

Bəlkə də yanılıram, amma təcrübəm əsas verir deyim ki, bu “təmir” başqa təmirdi. Yəni şayiələr gerçəkləşə bilər. Axı bizdə şayiələr həm də adamları baş verəcək hadisələrə hazırlamaq üçün yayılır. 

Bircə Allah üzümüzə baxsın, təmirdən sonra binanın yerində şadlıq evi görməyək...