Alman alimdən Xocalı qətliamı barədə məqalə

alman-alimden-xocali-qetliami-barede-meqale
Oxunma sayı: 733

Alman alim Dr. Mixael Raynhard Hessin “nex24.news” onlayn xəbər portalında Xocalı qətliamından bəhs edən “Tarixin üç mənası” məqaləsi yayımlanıb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib. Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib və onu ikinci Dünya müharibəsindən sonra qurbanların sayına görə, Srebrenitsadan sonra Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb.

Dr. Hess Xocalı qətliamının dəhşətlərini “Müharibə uşaqları” kitabından tərcümələr verməklə bir daha inandırıcı formada oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılmasını tam açıqlığı ilə təsvir edib.

Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsinin hələ də gec olmadığını əsaslandırıb.