"Emil Balayevi yaxşı xatırlayıram. Onu Almaniyaya mən gətirmişəm". “Qafqazinfo” xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında 2014/2015-ci illərdə "Ayntraxt"ın qapıçılar üzrə məşqçisi olmuş Mixael Qraft deyib.
Millimizin qapıçısı 2014-cü ilin dekabrında "Neftçi"dən Almaniya klubuna keçdi. 2016-cı ilin mayınadək Frankfurt təmsilçisinin düşərgəsində qaldı. Bu müddətdə gah ehtiyatda qaldı, gah da adı iştirak ərizəsinə salınmadı. Beləcə, Bundesliqada 1 dəqiqə debüt etmədən geri döndü.
Həmin vaxt Armin Fenin köməkçisi işləmiş M.Qraft bunun səbəbini Balayevin yaşının və təcrübəsinin az olmasıyla əlaqələndirib: "Biz 2014-cü iln dekabrında başqa qapıçı almalıydıq. Avstriyadan biriylə artıq danışmışdıq. Bu vaxt Azərbaycandan zəng gəldi, bir neçə gün sonra Berti Foqts və köməkçiləri ilə görüşdük.
Onlar Azərbaycanda belə bir gənc qapıçının olması barədə məlumat verdilər və məsləhət gördülər ki, gəlib baxaq. "Ayntraxt"ın seleksiyaçıları Bakıya səfər etdi, Balayevin 2 oyununa baxdı. Sizin federasiya bu məsələni bilirdi. "Neftçi"dən xahiş etmişdilər ki, Balayevi meydana buraxsınlar. Bu, bizim onu canlı izləməyimiz üçün idi.
Skautlardan bu səfər haqda geniş raport hazırlamalarını istədik. Balayev haqda hamının fikri idi. Özüm də araşdırandan sonra Armin Feyə məhz onun alınmasının lazım olduğunu bildirdim. Avstriyalı qapıçının xidmətindən isə imtina etdik. Emil bura gələndə 21 yaşı varıydı, heç "Neftçi"də də çox oynamamışdı. Lakin bundan narahat deyildik.
İlk məşqdəcə başa düşdüm ki, o, elə bizim axtardığımız qapıçıdı. Gənc və istedadlı! Məşqlərdə çox həvəslə işləyirdi. Mən isə hər gün onunla fərdi söhbət edir, tapşırırdım ki, öz üzərində belə çalışmaqda davam elə, daha da "artır". O, dediyim hər sözə diqqətlə qulaq asır, verdiyim tapşırıqları yerinə yetirməyə can atırdı. Emili "Ayntraxt"a böyük perspektivi olduğu üçün gətirmişdik. Birdən-birə əsas heyətə düşə bilməzdi.
"Ayntraxt"ın Bundesliqada işləri də yaxşı getmirdi. Turnir cədvəlində təhlükəli zonaya enmişdik. Risk edə bilməzdik. Bunu Balayevin özü də başa düşürdü. Ona görə də bizə heç nə demir, səbrlə öz üzərində işləyir və vaxtını gözləyirdi. Kevin Trappı PSJ-yə satandan sonra komandanın ikinci qapıçısı o olacaqdı. Ancaq rəhbərlik məşqçi korpusunu dəyişmək istədi və biz getdik. Yeni baş məşqçi Nika Kovac isə Balayevin ona lazım olmadığını bildirdi",
23 yaşlı kiper ötən ilin yayında "Qarabağ"a azad agent statusu ilə keçdi. Qurban Qurbanov AFFA-nın sözünü yerə salmadı, klubsız gəncə sahib çıxdı. Di gəl, "qara zolaq" burda da Emili qarabaqara izlədi. İbrahim Şehiç, Boyan Şaranov və Şahruddin Məhəmmədəliyevlə rəqabətə tab gətirmədi, gününü əvəzedici heyətdə keçirdi.
Yaxınlarda başına gələn olayı isə çətin ki, bu tezliklə unuda. Əmircan qəsəbəsində avtomobillə qəza törədən, nəticədə 6 aylıq körpənin ölümünə səbəbkar olan Balayev hazırda "Səbail"in sıralarındadı. Ağdamlılar onu Premyer Liqaya hazırlaşan I Divizion təmsilçisinə icarəyə verib. Qraft bütün bunlardan xəbərsiz olduğunu etiraf etsə də, Balayevin bir gün Almaniyadan dəvət alacağına inandığını söylədi:
"Bizdən sonra gələn məşqçi korpusu onun haqda qərar verməyə tələsdi. "Ayntraxt"da qalsaydıq, o, artıq Bundesliqada oynamışdı. Mənim deməyim bəlkə də artıqdı: Bundesliqa Avropanın 5 ən güclü çempionatından biridi. 21-22 yaşında Bundesliqa klubunun ikincisi qapıçısı olmaq, bilirsiz, nə deməkdi?! Balayev az bir müddətdə böyük inkişaf yolu keçmişdi. Ona çox inanırdıq.
Etiraf edim ki, Almaniyadan gedəndən sonra onunla əlaqə saxlaya bilməmişəm. Kordinatlarını itirsəm də, haqqında pozitiv fikirdəyəm, tezliklə güclü qapıçı olduğunu isbat edəcəyinə, millidə də oynayacağına inanıram. Yəqin ki, o da bizi unutmayıb. Azərbaycan futbolu Balayev kimi istedadı qazanmalıdı. Onu qətiyyən itirmək olmaz. Almaniyada qalmalıydı. "Ayntraxt"dan ayrılandan sonra başqa bir kluba keçməliydi. Millidə şans qazansa, şübhə etmirəm ki, Bundesliqa klubları onunla yenidən maraqlanmağa başlayacaq. Martda Almaniyanın Azərbaycana səfəri olacaq. İstərdim ki, həmin matçda millinizin qapıçını Balayev qorusun".