Almaniyada Putini dəstəkləyən dirijora 24 saat vaxt verildi

almaniyada-putini-destekleyen-dirijora-24-saat-vaxt-verildi
Oxunma sayı: 4512

Almaniyada çalışan rusiyalı dirijor Valeri Gergiyevə Rusiya Prezidenti Vladimir Putinin addımlarını dəstəkləməsindən imtina tələbi ilə bağlı ultimatum verilib.

“Qafqazinfo” “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, Gergiyevə bunun üçün bir sutka vaxt verilib. Ultimatumun təşəbbüskarı qismində Münhenin burqomisteri Diter Rayter çıxış edib.

“Əgər Valeri Gergiyev öz mövqeyini aydın bildirməsə, o bizim filarmoniyanın baş dirijoru qala bilməz”, - Rayter deyib.

“RF Prezidenti Putini dəstəkləyən Valeri Gergiyevə qarşı bu cür tələblər məşhur musiqi müəssisələrindən də daxil olub (məsələn, Milanın “LA Skala” teatrından)”, - “Exo Moskvı” nəşri qeyd edir.

Daha əvvəl Nyu-Yorkda yerləşən “Carnegie Hall” konsert zalı rusiyalı dirijor Valeri Gergiyev və pianoçu Denis Matsuyevin 25-27 fevral tarixlərində baş tutmalı olan üç çıxışının ləğv edildiyini açıqlamışdı.

Qeyd edək ki, 68 yaşlı Gergiyev 2015-ci ildən Münhen Filarmonik Orkestrinin baş dirijorudur.

O, 2014-cü ildə klassik musiqinin digər ulduzu Anna Netrebko ilə bərabər Rusiya Prezidentinin Donetskdəki hərbi əməliyyatlarını dəstəkləmişdi.