Pulsuzluqdan günü-gündən çökən “Bakı” indi də susuz qalıb. Klubun bazasına gələn su kəsilib. Komandanın futbolçuları məşqdən, oyundan çıxandan sonra ləyən qoyub maşınla bazaya gətirilən suyu vedrədə qızdırıb çimirlər. Elə çempionatın son turunda doğma meydanda “Qəbələ”ni qəbul edən “zolaqlılar” oyundan sonra qonağını çimizdirmək üçün bazaya su daşıyan maşın gətirmişdi.
Klubun icraçı-direktoru Yaşar Seyidov Nurlan Novruzov komandadan ayrılmaq istəyərkən, futbolçunun pulunu aybaay verdiklərini aləmə car çəkirdi. Amma görünən dağa bələdçi lazım deyil. Gənc futbolçunun pulunu vermədikləri gün kimi aydın idi. Deyək ki, Yaşar Seyidov Novruzovun maaşının hamısını verib. Futbolçuya aylıq əməkhaqqını verən komandanın su problemi yaşaması gülünc deyilmi, Yaşar bəy?
Bu yaşında lazımdımı sənə hər 2 gündən 1 mətbuata ağız dolusu yalanlar danışmaq? Nə qədər ümidlə düzələcəyini gözlədiyin klubun mənafeyini müdafiə edərək yalanlarını satacaqsan? Hafiz Məmmədovun yenidən klubu əvvəlki vəziyyətinə qaytaracağı heç də inandırıcı məsələ deyil. Çünki maliyə problemlərinin boğaza qədər yığılmasına səbəb olanlar elə “Bakı”nın suyunu kəsiblər.
Əslində paytaxt klubunun bazasının yerləşdiyi ərazi Azərbaycan Qolf Federasiyasının prezidenti, Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur. Hafiz Məmmədovla naziroğlu arasındakı münasibətlərin pisləşməsi “Bakı”nın susuz qoyub. Məhz tərəflər arasında fikir ayrılığı, razılıq əldə olunmaması klubun getdikcə uçuruma yuvarlanmasına gətirib çıxarır. Bazaya gələn suyu kəsdirən Anar Məmmədov su idarəsinə bir mühafizəçi də qoyub ki, birdən olmaz belə, olar elə.
Qolf meydançasının da yerləşdiyi ərazidəki bazanın sökülməsi Anar Məmmədovun bir nömrəli tələbidir. Altı nazir oğlunun, üstü “Hafka”nın olan ərazidəki problemlərin çözülməsi çətin görünür. Sudaşıyan maşınları oyunun gedişində bazaya soxan “Bakı”nın da məqsədi bəllidir. Məqsəd AFFA-ya hər şeyi göstərməkdir. 17 yaşlılar arasındakı Avropa çempionatının, AVRO-2020-nin final mərhələsinin 4 oyunu üçün nəzərdə tutulmuş bazada bu problemlərin yaşanması federasiyaya sərf etmir. Yoxsa, UEFA bu qədər problemlərdən sonra sərt üzünü göstərəcək.
Federasiya isə təbii ki, bu məsələyə qarşımaqla işini daha da çətinə sala bilər. Çünki ərazi Anar Məmmədovun halal malıdır. AFFA münasibətləri yumşaltmaqla problemi yoluna qoymağa çalışsa da, hələ ki, uğursuzdur. Görünür futbolumuzun günü-gündən inkişafından danışan Elxan Məmmədov indi çox narahatdır.
Yəqin ki, bu dəqiqə baş katibin ən böyük problemi də məhz budur. Əgər U-17 Avropa çempionatı Bakıda keçirilməsə, AVRO-2020-nin 4 oyunu Azərbaycana gəlməsə, hələ də bunların stadion üzündən baş verdiyi duyulsa, cənab Məmmədov nədən, hansı inkişafdan danışacaq? Bizə heç bir xeyri olmayacaq bu lazımsız oynları dəfələrlə gözümüzə soxa bilməsə, nə edəcək? “Bakı” problemlər içində, Anar Məmmədovla Hafiz Məmmədov ərazi davasındadır. Amma hamısının dərdini Elxan Məmmədov çəkir. Bu Azərbaycan futbolu ki, var, çox qəliz məsələdir, hörmətli baş katibimiz.
Son xəbərlər
Son Xəbərlər