“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, 2014-cü ilin I yarımili ərzində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Cinayət işlərinin 34%-i vəzifədən sui-istifadə, 5%-i vəzifə saxtakarlığı, 9%-i dələduzluq, 12%-i isə digər cinayətlər olub. Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dələduzluq 25%, rüşvət alma 4%, rüşvət vermə 2%, saxta sənədlərdən istifadə 5%, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi 4%, vəzifə saxtakarlığı 3% olub.
11 milyon 870 min 261 manat ziyan dəyib. Bunlardan 7 milyon manatı ödənilib.