Ambulatorda dərman təminatına 2025-ci ilin 2-ci yarısı başlanılacaq

ambulatorda-derman-teminatina-2025-ci-ilin-2-ci-yarisi-baslanilacaq
Oxunma sayı: 1428

Əsas fəaliyyət istiqaməti vətəndaşların tibb ocaqlarına əlçatanlığını artırmaq olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli xidmət göstərməyi hədəfləyib. 2024-cü il ərzində Azərbaycan əhalisinin 54%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu, hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlanması deməkdir.

“Qafqazinfo” xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 8% artaraq 24 milyonu keçib.

Dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Ambulatorda dərman təminatına 2025-ci ilin 2-ci yarısı başlanılacaq.

Travmatoloqların maaşı 3600 manata çatıb

2024-cü il üçün aylıq vəzifə maaşı, sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların gəlirləri 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların isə 3300 manata yüksəlib. Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub. Bu artımlar tibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir.

İcbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin median əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.

Gəlirlər artıb

2020-ci ildən bu yana icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə qoyulan investisiyalar nəticəsində 135.5 milyon manatdan çox gəlir əldə edilib. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. İnvestisiyalardan əldə olunan gəlir sığortaolunanlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.

Həm də məmnunluq səviyyəsi yüksəlib

2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub. Sorğuda 25 087 nəfər iştirak edib. Nəticələrə əsasən, ölkə əhalisinin 100%-ə yaxını icbari tibbi sığorta haqqında, 47%-i isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Məmnunluq səviyyəsinə gəlincə, ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb. Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59 %-dir.