Neçə vaxtdır o məktublar heç fikrimdən çıxmır; sevgi məktubları... Divar yarığında dəfn edilmiş sevgi məktubları...
O qadın alınmayan ömrünün bir parçası olan sevgi məktublarını divar yarığında gizlətmişdi və üstünə suvaq çəkdirmişdi. Mən o qadını tanıyırdım, həyatım boyunca tanıdığım qadınların ən tənhası, ən kədərlisi idi o qadın. Xuan Karlos Onettinin “Bir kədərli qadın” hekayəsində gicgahına güllə sıxan qadın qədər cəsatətli deyildi, bəlkə də ona görə ki, həmin hekayənin qəhrəmanından fərqli olaraq, həyat yoldaşıyla uzun bir həyat yolunu əmniyyət içində keçmişdilər. İçindəki kədər illərin yorğunluğundan sap kimi nazilib üzülmüşdü, kədəri də özü kimi qocalmışdı. Onun kədərinin istifadə müddəti bitmişdi.
O qadın ədəbiyyat müəlliməsiydi, ömrünün əlli ili sinif otaqlarında keçmişdi. Müharibədən sonrakı dövrün məzunlarından idi, harda təhsil aldığını yazmayacağam. O, yorğunluq hissinə qalib gələrək öz həyat hekayətini mənə danışanda ailəsindən, övladlarından belə gizli saxladığı sirr qəfildən quş kimi dodaqlarının arasından perik düşdü. Söz ağızdan çıxdısa, artıq sənin deyil, əfəndim. Bu mütəvazi, aristokrat görünüşlü qadının o anda solğun yanaqlarına xəfif bir qızartı çökdü. “Həyat yoldaşım sağ olsaydı, bu sirrin üstünü yenə açmayacaqdım. Bu sirr altmış ildir mənimlədir”. Qeyri-ixtiyari həyəcanlandım. Maraq hissi məni bürüdü. Görəsən nə mühüm sirdi ki, bir ömür boyunca can yoldaşından gizli saxlayıb?
Tələbəlik illərində çox məşhur bir yazıçının diqqətini cəlb edibmiş. Həmin yazıçı dostları vasitəsilə ona ismarışlar yollayıb, dediyinə görə o da həmin yazıçıya biganə deyilmiş. Və... az müddət sonra qız sevgi məktubu alır, bir məktubun ardınca başqa bir sevgi məktubu, sonra başqası, daha sonra başqası... Markesin “Vəba günlərində eşq” romanındakı gənc teleqrafçını xatırlayırsınız? Florentina Arisa. Onun varlı ailədən olan gözəl Fermina Dasaya yazdığı odlu-alovlu sevgi məktublarını da yəqin ki, xatırladınız. Florentina Arisa başqaları üçün də pul müqabilində sevgi məktubları yazır və onun vasitəçiliyi ilə neçə sevgili bir-birinə qovuşur. Özü isə öz sevgisinə qovuşmaq üçün nə az, nə çox, əlli üç il gözləməli oldu. Fermina Dasa varlı bir həkimə ərə gedir və onunla əlli üç il birlikdə ömür sürürlər. Florentina Arisa yarım əsr onun ərinin ölümünü gözləyir və onlar ömürlərinin ixtiyar çağında qovuşurlar.
Mən o qadını Markesin Fermina Dasasına bənzətdim. Nədənsə bu izdivac baş tutmayıb, özü bu haqda danışmaq istəmədi. Amma onun yazdığı məktubları altmış il yaşadığı evin divarında qoruyub saxlayıb. Əri yatdığı otağın divar oyuğunda bir insan qəlbinin hisslərinin əbədilik məhkum olunduğundan ömrünün sonunadək xəbərsiz qaldı. Qadın danışırdı ki, sonra həmin evi satdıq, başqa evə köçdük, məktublar da orda, divarın içində qaldı...
O məqamda qadının gözlərindəki təəssüf və peşmanlıq hissini ifadə etməkdə acizəm. Həmin yazıçı sonra başqa bir qadınla ailə qurub. Onun adını yazmayacam, çoxdan dünyasını dəyişib. Bu yaxınlarda eşitdim ki, həmin qadın da fani dünyadan köç edib.
Divarında məktublar üşüyən o evin yanından keçəndə hər dəfə qəribə bir təsəlli hissi keçiririəm. Yaxşı ki, bu ev hələ yaşayır, yaxşı ki, bu evi hələ buldozerin ağzına verməyiblər...
Son xəbərlər
Son Xəbərlər