Altsheymer dərmanı ilk dəfə insan üzərində sınanıldı - Video

altsheymer-dermani-ilk-defe-insan-uzerinde-sinanildi
Oxunma sayı: 2199

ABŞ-da mübahisələrə səbəb olan Altsheymer dərmanı ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənərək klinik sınaqlardan sonra ilk dəfə bir insanda sınaqdan keçirilib.

“Qafqazinfo” “New York Post”a istinadən xəbər verir ki, Rod-Aylend ştatından olan 70 yaşlı Mark Arşambo Altsheymer xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan dərmanın sınaqdan keçirildiyi ilk insan kimi tarixə düşüb.

Onun müalicəsinə dünəndən etibarən başlanılıb. Müalicə kursu dərmanın ayda bir dəfə venadaxili inyeksiyası ilə aparılır.

Təxminən 60 min dollara başa gəlməsi gözlənilən bu müalicə 18 ildən sonra təsdiqlənən ilk Altsheymer dərmanı olub.

“Terapiyada yeni bir dövr açırıq”, - deyə Braun Universiteti Tibb Fakültəsi nevrologiya professoru Dr. Stiven Sellouey mövzu ilə bağlı şərh verərkən bildirib.

Bununla birlikdə, preparatla bağlı müsbət fikirdə olmayan mütəxəssislər də var. Belə ki, dərman qəbul edildikdən sonra FDA-nın müşavirlər palatasının üç alim üzvü istefa verib.

“New York Times”a danışan Dr. Aron Kesselheym, “Bu, FDA-nın indiyə qədər verdiyi ən pis təsdiq qərarı ola bilər”, - deyə bildirib.

Dərmanı mübahisələrin mərkəzinə çevirən digər bir cəhət də onun baha olmasıdır. Altsheymer dərnəyi dərmanın qiymətini “qəbuledilməz” adlandırıb.

Tibbi olaraq “Aducanumab” adı verilən dərman yalnız erkən mərhələdə Altsheymerdən əziyyət çəkən xəstələrdə sınaqdan keçiriləcək, baxmayaraq ki, ABŞ Qida və Dərman İdarəsi preparatın istifadəsini  bütün Altsheymer xəstələri üçün təsdiqləyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-da 2019-cu ildə Altsheymerdən 120 mindən çox ölüm qeydə alınıb.

Mütəxəssislər bu rəqəmin on il əvvəllə müqayisədə 50 faiz daha çox olduğunu bildirir.