AMAY Abdulla ilə hakim arasında maraqlı - - Dialoq

amay-abdulla-ile-hakim-arasinda-maraqli-
Oxunma sayı: 5311


“Qafqazinfo” Bizimyol.info-ya istinadən xəbər verir ki, iclasda hakimlə A. Abdullayev arasında maraqlı dialoq olub. Belə ki, iclasda hakim Abdulla Abdullayevə ittiham aktının mahiyyəti ilə bağlı izah verib. O, bildirib ki, ittiham aktına əsasən, 2006-2012-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən müxtəlif firmaların adı ilə götürdüyü kreditləri AMAY-ın Nobel prospektində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə, 3 milyon 918 min manatı mənimsəməkdə təqsirləndirilir. Bundan sonra tərəflər arasında olan dialoqu təqdim edirik:

Abdulla Abdullayev: Bu, kreditdir, bu niyə ittiham olsun ki? Banklar kredit verib, girov da götürüblər, pullarını da alıblar. Burada hansı mənimsəmədən söhbət gedir?

Hakim: Bu məsələlərin hamısı məhkəmə araşdırması zamanı ortaya çıxacaq. Məhkəməyə fikirlərinizi və sübutlarınızı təqdim edə bilərsiniz. Digər ittihama əsasən, 31 ayrı adda MMC təsis edərək, "Texnikabank"dan kreditlər götürməklə, ümumilikdə banka 40 milyon 150 min manat ziyan vurulub. 

Abdulla Abdullayev: Mən qanuna hörmət edən adamam. Amma başa düşmürəm ki, kredit götürmək niyə cinayət sayılır? 31 firma qeydiyyatdan keçirmək nə vaxtdan cinayət olub? Bir firmanın bir neçə bankda hesab açması, bir neçə bankdan kredit götürməsi niyə cinayət sayılır? Əgər istintaqın özü də təsdiq edirsə ki, bu vəsaitlər AMAY-ın binasının tikintisinə sərf edilib, o zaman hansı mənimsəmədən söhbət gedir? Pulun mənbəyi də məlumdur, xərcləndiyi yer də, hansı mənimsəmədən danışırsınız?

Hakim: Mən ittiham aktına yazılanı deyirəm, bir daha deyirəm ki, sizin bütün fikirləriniz və sübutlarınız məhkəmədə dinləniləcək və hüquqi qiymət veriləcək. 

Abdulla Abdullayev: Allah balanızı saxlasın. İcazə verin bir misal çəkim: Bir gün şah əmr verir ki, şəhər qapısında bir nəfər dayansın və hamıya gündə 10 şallaq vursun. Şahın əmri yerinə yetirilir. 1 həftədən sonra şah deyir gedim yoxlayım görüm bu qərardan narazı olan var, ya yox? Gəlib əhalidən soruşanda, əhali deyir ki, şah sağ olsun, hər şey yaxşıdır, ancaq bu şallaq vuranların sayını artırın ki, biz növbədə vaxt itirməyək. İndi möhtərəm hakim, heç olmasa bu məhkəmələrin baxılma vaxtını artırın. Heç olmasa, həftədə iki dəfəyə salın. Məni qanunsuz həbsdə saxlayırsınız. Bəlkə başqalarına adi gəlir. Ancaq mənim kimi aktiv bir adam üçün içəridə qalmaq çox çətindir. Mənim həbs müddətim ayın 4-də qurtarıb, bundan sonra isə özümün və vəkilimin iştirakı olmadan həbs müddətim uzadılıb". 

Hakim isə bildirdi ki, yanvarın 29-da keçirilən hazırlıq iclası zamanı hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılıb. Həmin işin bu cinayət işi ilə əlaqəli olduğunu nəzərə alaraq, hakim heyəti özlərinə etiraz verərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. "Lakin həmin etiraz Bakı Apellyasiya Məhkəməsində təmin edilmədi. Biz hazırlıq iclasında sizin barənizdə seçilmiş həbs-qətimkan tədbirinin uzadılması deyil, dəyişdirilməməsi barədə qərar qəbul etmişik. Məhkəmə proseslərinin tez-tez keçirilməsi ilə bağlı istəyinizə gəlincə, hələlik buna vaxt yoxdur".

Hakim ittiham aktının izah edilməsinə davam etmək istəsə də, Abdulla Abdullayev buna ehtiyac olmadığını bildirib: "Sizin ittihamla bağlı  dediklərinizi başa düşürəm, ancaq bildirmək istəyirəm ki, bu ittihamın heç bir əsası yoxdur. Hakimsiniz, sizə sifariş veriblər ki, Abdullanı tutun, siz də tutmusunuz. Mənə də tapşırıq veriblər ki, AMAY-ın binasını tik, mən də tikmişəm".

Hakim: Bizə heç bir tapşırıq verilməyib. İndi nə deyirsiniz, sizi tutaq?

A.Abdullayev: Əgər tapşırıq verilsə, əlbəttə tutacaqsınız. Mənə ən ağır cəza verilsə də, sizdən narazılığım olmayacaq. Bilirəm ki, hamı tapşırıq yerinə yetirir. Amma xahiş edirəm ki, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca.