Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi tamam olur.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi kitabxanasında Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Alimlər Evinin təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Z. Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər