"Qafqazinfo" AMEA-ya istinadən xəbər verir ki, Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub.
A.Hacıyevin tədqiqatlarının mühüm istiqamətlərindən biri də çoxölçülü sinqulyar inteqrallar nəzəriyyəsidir. Burada, məşhur sovet riyaziyyatçısı S.Q.Mixlin 1938-ci ildə simvolun və xarakteristikanın kürədə diferensial xassələrinin tədqiqinə başlamış və kürədə kvadratı inteqrallanan xarakteristikalar sinfində simvolun Sobolev fəzasında olduğunu göstərmişdir. Bu məsələnin həlli üçün A.Hacıyev simvolu təyin edən bürümə operatorunun tərs operatoru mühüm ifadəsini tapmış və kürədə Bessel potensialları fəzalarında simvol və xarakteristikanın qarşılıqlı diferensial xassələrini isbat edib. Bu nəticələr A.Hacıyevin “Çoxölçülü bürümə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” adlı doktorluq dissertasiyasının əsasını təşkil etmiş və o, 1982-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunun Müdafiə Şurasında dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
2001-ci ildən A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, həmin ilin iyul ayından isə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olub. A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri olmuş, 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat və mexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədridir.
Alim 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
100-dan artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.
Son xəbərlər
Son Xəbərlər