AMEA yay vaxtına keçidi ləğv etmək istəyir

amea-yay-vaxtina-kecidi-legv-etmek-isteyir
Oxunma sayı: 2865

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ölkə Prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin babayev çıxış edib. O, 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışıb. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Avropanın əksər ölkələrində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.