“Amerikalı snayper” bilirsiz kimdir?! İraqda 160-dan çox müsəlmanı (qadın, uşaq, qoca demədən) öldürən, hətta deyərdim ki, öldürmək həvəsi ilə alışıb yanan amansız bir əsgər.
Usta rejissor Klint İstvudun (Clint Eastwood) quruluş verdiyi və 2013-cü ildə öldürülən Kris Kaylın (Chris Kyle) eyni adlı memuarı əsasında lentə alınan “Amerikalı Snayper” (“American Sniper”) filminə baxdıqdan sonra bu adam haqqında bir az araşdırma apardım.
İraqda “əjdaha” ləqəbi ilə tanınan Kayl, Pentaqon tərəfindən dəfələrlə medallara layiq görülüb. Əslində, filmdə də göstərildiyi kimi, ipə-sapa yatmayan, gərgin, döyüşkən, könüllü olaraq ən acımasız savaşlara qatılan, qoluzorlu bir əsgər olub. Amma dostlar, bu insan müsəlmanları öldürməkdən zövq alıb. Bu işi səvə-sevə edib. Verdiyi müsahibələrdə də bunu açıq şəkildə sezmək olur.
2 nüansı vurğulamaq istəyirəm. Filmdə açıq şəkildə göstərilir ki, Kayl əlinə tank əleyhinə qumbara alan bir azyaşlı uşağı gözünü qırpmadan öldürür, ardınca onun yanındakı qadını da qanına qəltan edir.
Amma maraqlıdır ki, heç yerdə onun öldürdüyü uşaqların və ya qadınların statistikası yoxdur. Bilirsiz niyə? Çünki məsum uşağı öldürən bir əsgəri heç vaxt qəhrəman kimi insanlara sırımaq olmaz. Amma filmin müəllifləri ağlı kəsməsə belə, terrorda bu və ya digər şəkildə iştirak edən azyaşlı uşağın öldürülməsinə haqq verir, çəkinmədən ona terrorçu damğasını vurur.
İkinci nüans isə Respublikaçı faktoru ilə bağlıdır. Klint İstvudun qatı respublikaçı olduğunu yəqin bilənlər var. Üstəlik, sıravi bir vətəndaş olan Kris Kaylın “amerikalı snayper”ə çevrilməsində respublikaçı prezidenti Corc Buşun rolunu qeyd etməsək olmaz. Amerika ordusu məhz onun əmri ilə 2003-ci ildə İraq girdi.
Bu strategiya bir çox dairələr tərəfindən pislənsə də, bu cür filmlərlə Buşa haqq qazandırmağı da yaddan çıxarmırlar. Ola bilər ki, növbəti prezident seçkilərinə də hesablanmış olsun. Sizə deyim ki, amerikalıların əksəriyyəti Obamadan sonra respublikaçı prezidentin seçiləcəyinə əmindirlər.
“Amerikalı snayper”i “qəhrəman”a çevirən 2 əsas amil var. Ailəsinə olan bağlılığı və öldürülməsi. Kris Kayl 2 il əvvəl snayper təlimləri keçdiyi kantuziyalı bir tələbəsi tərəfindən öldürülüb.
“Hurt Locker” (“Ölümcül tələ” kimi tərcümə olunub) yadınızdadır? 2010-cu ildə 6 “Oskar”la ilin ən yaxşı ekran əsəri seçilmişdi. Hələ mən o filmi bəyənən adam görməmişəm. Həmin il “Avatar” kimi nəhəngi qoyub bunu seçdilər. Bax, “Amerikalı snayper” də demək olar ki, eynisəpkilidir.
Mənim fikrimcə, bu filmin 6 nominasiya üzrə ali mükafatlara namizəd göstərilməsi də yuxarıda dediyim amillə bağlıdır.
Baş rolun ifaçısı, çox sevdiyim aktyor Bredli Kuper (Bradley Cooper) yaxşı oynayıb. Amma “Oskar” alacağını zənn etmirəm.
Son xəbərlər
Son Xəbərlər