Amerikanın Azərbaycan üçün biznes imkanlarında Azercellin sponsorluğu

amerikanin-azerbaycan-ucun-biznes-imkanlarinda-azercellin-sponsorlugu-
Oxunma sayı: 700

ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Bu görüşlərdə iki ölkə arasında ticari əlaqələrin genişlənməsi və yeni biznes növlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb, konkret layihələr müzakirə edilib.

ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Mahir İsgəndər bildirib ki, son illərdə Azərbaycanda müşahidə edilən davamlı iqtisadi inkişaf ölkəmizə qarşı ABŞ sərmayədarlarının marağını artırıb. Onun sözlərinə görə, Azərbaycan özünün iqtisadiyyat tarixinin çox maraqlı dövrünü yaşayır və məhz bu ərəfədə belə bir konfransın təşkili konkret nəticələr verə bilər.

“Amerika və Azərbaycan üçün biznes imkanları” konfransı ölkələr arasında real biznes əlaqələrinin yaradılmasına həsr edilmiş altı sessiyadan ibarət olub. Tədbir zamanı Azərbaycanda turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, tikinti və digər sahələrdə sərmayə imkanları araşdırılıb. Azərbaycanın yeni enerji reallıqları, ölkədə dünya üzrə məşhur biznes-şəbəkələrinin açılması da müzakirə mövzuları sırasında olub. Natiqlər arasında ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) İdarə heyətinin üzvü James A. Baker, IV, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, “Azercell Telekom” MMC-nin prezidenti Ali Agan, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev, “AzQtel” şirkətinin baş icraçı direktoru Ceyhun Mollazadə və digərləri olub.

ABŞ və Azərbaycan ticarət əlaqələri üçün mühüm əhəmiyyət kəsb edən bu toplantının platinium sponsoru Azercell Telekom MMC-dir. Azercell Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək bu cür tədbirlərin təşkilinə həmişə həvəslə yardımçı olur, ölkə əhalisinin rifahının yüksəlməsinə xidmət edən layihələrin reallaşmasına dəstək verir.

Nigar Məmmədli