Amerikanın yanlışları

amerikanin-yanlislari
Oxunma sayı: 1307


Amerikanın əski dövlət katibi Kondoliza Rays “The Washington Post” qəzetində Amerikanın səhvlərindən söhbət açıb. Doğrudur burada C. Buşun xarici siyasətinə bəraət qazandırma notları da var, amma mülahizələrin məntiqi xanımın Rusiyanın son zamanlar yürütdüyü xarici siyasəti düzgün təhlil etdiyini deyir.

Corc Buş radikal, Barak Obama ona tam əks xarici siyasət yürüdən liderlər sayılır. ABŞ-a bir-birinin ardınca rəhbərlik edən bu iki prezidentin yürütdükləri fərqli xarici siyasətin üstün və zəif tərəfləri ayrıca araşdırılası bir məsələdir. Gerçəklik isə budur ki, dünya lideri olan bir dövlətin kəskinliklə dəyişən xarici siyasət yürütməsi doğru deyil. Rusiyanın B. Obama dönəmindəki şıltaqlıqlarının bir səbəbi də budur. B. Obamanın ifrat mötədil siyasəti, özündən əvvəlki xarici siyasət diskursuna kəskin tənqidi baxışı V. Putinin əl qolunu açdı, ona tədricən Buş-vari radikal siyasət yürütməyə rəvac verdi.

Bu dövrdə V. Putin Sovetlər Birliyi dağılandan sonra Rusiyanın itirdiyi mövqelərin biq qismini bərpa edə bildi və daha da qabağa getməyə həvəsləndi. O İran, İraq, Suriya, Əfqanıstan məsələlərində müqavimət görüntüsü yaratmaqla kifayətlənmə, ABŞ-ı ittiham və özünün aqressiv siyasəti üçün əsaslar əldə etmə siyasətinə üstünlük verdi. Bu ərəfədə Cənubi Osetiya və Abxaziyanı özünə daha bərk bağlaya bildi, Azərbaycanı Dağlıq Qarabağla bağlı hərb variantından istifadə etmək məsələsində qorxudub Bakı, Yerevan və Kişinyova təsirini artırdı, indi isə yaranmış fürsətdən istifadə edərək Krımı Ukraynadan qoparmağa girişib, deyildiyi kimi, yaxın perspektivdə Şərqi Avropa və Pribaltikaya da nüfuz etməyə iddialıdır. Bir sözlə, SSRİ-nin təsir dairəsində olan “yaxın xarici” özünə bağlamaq və I Pyotr, V. Lenin kimi “tarixə düşmək” niyyətindədir.

Amerika B. Obama dönəmində bütün dünyada “xalqlar bizdən qorxmalı deyil, bizi sevməlidirlər” prinsipi ilə ifrat mötədil siyasət yürütməklə, raket əleyhinə sistemin Çexiyada və Polşada yerləşdirilməsi planını təxirə salıb geri çəkilməklə, Suriyada nizamlama işinə başlamamaqla, İraq və Əfqanıstanda çaşqınlıq nümayişi ilə yanlışlıqlara yol verdi, Avropa Birliyi də öz növbəsində bu yanlışlıqları bölüşdü: İranın şıltaqlığına meydan verdi, ABŞ-ın siyasətini uzun müddət dəstəkləmədi, Gürcüstanın NATO-ya girməsinə əngəl oldu, nəticədə Gürcüstan böhranı yarandı. İndi isə hər ikisi (ABŞ və AB) ritorika ilə məşğul olur, müzakirələr aparır, vəziyyətdən çıxış yolları arayır, Ukrayna böhranına, daha doğrusu Rusiyanın aqressiyasını önləməyə hazır olmadıqlarını nümayiş etdirir və onun hər gün bir iri addım qabağa getməsinə şərait yaradırlar. Kremlə sanksiya tətbiq etməyə, Ukraynaya hərbi dəstək verməyə cəsarət etmirlər. İranın blokadası məsələsində olduğu kimi bu məsələlərdə də Amerika və AB-nin qeyri-sinxron maraq və mövqeləri hiss olunur. Bunu isə Moskvada aydın görürlər. Amma Moskvada sərt reaksiyanı da gözləyirlər və bunun nümayişi görünəndə şimalda hava mülayimləşəcək. Həm də Rusiyanın daxilində tatarlar, inquşlar və b. Qərbdən ciddi reaksiya görmək istəyirlər. Bu indi onların Sovetlər Birliyi dağılandan sonra zaman-zaman Qərbə qırılmış inamlarının bərpası üçün çox gərəklidir.

Hələlik isə B. Obamanın “yumşaq güc” (qadın gücü) adlandırılan qətiyyətsiz, AB-nin isə qeyri-sinxron siyasəti post-sovet məkanına problemlər gətirməkdə və ABŞ-ın və AB dövlətlərinin sonrakı rəhbərləri üçün ciddi baş ağrıları yaratmaqdadır.