“Amnesty İnternational” kordur, kardır, şikəstdir...

“Amnesty İnternational” kordur, kardır, şikəstdir...
Oxunma sayı: 719

“Amnesty İnternational” Azərbaycanda Avropa Liqasının final oyununu keçirilməsini pisləyib. Bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Bu təşkilatın ad dünyəvi korrupsiya fırıldaqlarında hallanır.

Sifarişlə işləyən qurum imici qazanıb.

Ayrı-ayrı,  xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsidir.

Suriyaya kordur!..

İraqa kardır!..

Türkmənlərə həm kardır, həm kor!…

Türkiyə terrorun beşiyi olanda “ölmüşdü”!…

Xocalıya sarı boynu dönmür, şikəstdir!..  

Dağlıq Qarabağdakı haqqı tapdalananlar vecinə deyil!..

Çünki bu sadalanan dövlətlərdə və şəhərlərdə törədilən cinayətlərdə “Amnesty İnternational”ın sahiblərinin birbaşa və ya dolayısıyla əli, iştirakı var.

Bircə Azərbaycanı görür. Necə? Günlərlə qaranlığa qapadılmış bir yırtıcı, dadlı yemi necə görürsə, o cür… Ağzının suyu axa-axa, hikkəylə, məkirlə, nifrətlə.

Öz çirkin, çirkli reputasiyasından isə utanmaz. Adam baxır, deməyə söz də tapmır. Oturub düşünürsən ki, ilahi gör kim, kimi, nədə ittiham edir? Kim, kimə, nə deyir axı?!.. Dünyada ədalət, şəffafllq, demokratiya, azadlıq, insan, insanlıq kimi bəşəri dəyərlərdən danışmağa ən az haqqı olan, ondan ən çox danışır.

Çünki UEFA-nın bir final oyunu keçirilir Bakıda. Bu olmamalıydı. Buna yol verilməməliydi.

Deyirlər idman siyasət deyil. Doğrudur, rəsmi olaraq deyil! İdman elə idmandır. Amma həm də siyasətdir, humanist siyasət. O mənada ki, özünü, bacarıqlarını, imkanlarını dünyaya, təkcə müharibələr, terrorlar, faciələr törətməklə yox, həm də yaxşı işlər görərək göstərməyə fürsət verir adama. Ölkənə çoxlu başqa millətlər gəlir, səni görür, tanıyır, dəyərləndirir. Bu sonradan dünya üçün bir az problem yaradır. Səni istədikləri anda, istədikləri kimi yıxa, üstündən keçib gedə, əzə bilmirlər. Lap balaca olsan da, mürəkkəbləşirsən, çətin keçilən yol olursan dünya güləri üçün. “Amnesty İnternational” məhz bu cür yolları yiyələrinə rahat eləmək üçün var..

***

Azərbaycanın bugünkü durumunda məsələ eynən belədir. Onu dünya ictimai rəyində gözdən sala bilmirlər.

Babbar kimi təqdim edirlər – adamlar gəlir, görür, hətta qonaq gəlmədiyi evin qapısını ona açacaq qədər yaxşı insanlar var burda…

Bacarıqsızdır deyirlər – təşkil olunan konfranslarda, beynəlxalq tədbirlərdə olurlar, görürlər elə deyil…

Aqressivdir deyirlər – gəlib görürlər, çox yaxşı həmsöhbətdir azərilər…

Müharibə istəyirlər – Azərbaycan sülh deyir…

Malını ucuza tələb eləyirlər – Azərbaycan qiymət oxuyur…

Üstündən müharibələrə yol açmaq istəyirlər – Azərbaycan olmaz söyləyir…

Bir sözlə Azərbaycanı İŞĞAL edə bilmirlər.

Başlayırlar insan haqları, söz və mətbuat azadlığı, siyasi məhbuslar və sair…

…Azərbaycanın sosiala yönəlik xeyli problemi var. Dövlət bunun həlli istiqamətində iş aparır, müəyyən nəticələr də var. Ancaq bu, o demək deyil ki, hər şey ən yüksək şəkildə təmin edilib. Təbii ki, iş görülən yerdə, yaxşı da var, pis də. Amma məsələ burasındadır ki, bu olan pislərə Azərbaycan dövləti və azərbaycanlılardan çox kimsə pərt ola bilməz. Kimsə kiməsə görə cani-dlidən narahat qala bilməz. O da ola başqa dövlətin, başqa millətin “canıyananları”. Bu heç olmaz. Kimsə, öz evində olmayanı kiminsə evinə pay edə bilməz. Okeanın o tayından durub bura ədalət, haqq, demokratiya gətirə bilməzlər.  Bir vaxtlar qara dərililəri heyvanat parkında insanlara nümayiş etdirən adamlardan başqa kimsə deyillər…

Bir sözlə, insan “sevgin” yerə batsın “Amnesty İnternational”, çünki o sevgi İNSANa, insanlığa, sağlam cəmiyyət uğurunda mübarizəyə yönəlik deyil. Sənin “sevgin” daha çox “vurmaqla” daha yaxşı qazanmağa və dünyanın güc birliyi olan dövlətlərin əlinə işləməkdən ibarətdir.

Bu arada, unutmayaq, illər öncə mediaya təqdim olunan bir siyahı vardı. Dünyanın güc birliyi sayılan dövlətləri tərəfindən yaradılan, ictimai rəyə müstəqil qurum kimi təqdim olunan, əslində dərin dövlətə işləyən, böyük büdcəli qeyri-hökumət təşkilatlarının adı açıqlanmışdı o siyahıda. Rusiya mediası tərəfindən yayımlanmış, güman ki, təhlükəsizlik orqanlarının tərtib etdiyi siyahı idi. Qısa bir zamanda da mediadan yığışdırıldı. Bu doxsanıncı illərdə baş vermişdi. İndi Azərbaycana qənim kəsilən,  kimlərin əlinə və siyasətinə oynadığı bəlli olan “Amnesty İnternational”ın adı o siyahıda ön yerlərdən  birini tuturdu. Yəni Azərbaycanda nə zaman yaxşı, uğurlu bir iş varsa, bu “Amnesty İnternational”ın başına “daş salan” və onun narahat edən mütləq göstəricilərdəndir. Çünki bu ölkəyə dair tapşırığını yerinə yetirməmiş sayılır, buna görə danlanır bu təşkilat və onun yetkililəri. Nə deyək başınızdan Azərbaycan daşı əskik olmasın!..

Jalə Mütəllimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi