“Amnesty International”dan daha bir hesabat

“Amnesty International”dan daha bir hesabat
Oxunma sayı: 657

2020-ci il sentyabrın sonundan noyabrın əvvəlinədək davam etmiş 44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanda dinc sakinlərə hücum üçün qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan yaylım atəşli raket sistemlərindən və artilleriyadan istifadə edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Amnesty International” təşkilatının hesabatında deyilir. Qeyd olunur ki, yaşayış məntəqələri yaxınlığında qeyri-dəqiq silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından sonra “Amnesty International” nümayəndələri Azərbaycanda raket zərbələri endirilmiş yerlərə baş çəkiblər. Təşkilat erməni qoşunlarının dinc şəhər və kəndlərə endirdiyi və 72 dinc sakinin həlak olduğu 8 raket zərbəsi faktını sənədləşdirib.

Belə ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan “Smerç” raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

“Amnesty International” əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.