Ana oğluna əlillik dərəcəsi ala bilmir

ana-ogluna-elillik-derecesi-ala-bilmir
Oxunma sayı: 1609

Albinizm xəstəsi olan övladına əlillik dərəcəsi ala bilmədiyi üçün Ucar rayon sakini Xəyalə Mehdiyeva “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin verdiyi tibbi rəydə 1 yaşlı oğlu Əkbərin albinizm xəstəsi olduğu göstərilir. Ancaq ailə həmin rəyə əsasən övladına əlillik dərəcəsi təyin etmək üçün Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimindən sənəd ala bilmir:

“Əlillik dərəcəsini almaq üçün xəstəxanadan verilən 88 nömrəli forma sənədini Tibbi Sosial Ekspert Komissiyasına təqdim etməliyik. Xəstəxanasının həkimi Səidə Kamilova Milli Oftamologiya Mərkəzinin tibbi rəyinin düz yazılmadığını bildirərək bizə sənədi vermir. İlk övladım Nəzrin də bu xəstəlikdən əziyyət çəkir və keçən il ona əlillik dərəcəsi təyin olunub. Hazırda iki uşağım qeydiyyatdadır və hər ay yoxlamalardan keçirlər. Bəs necə olur xəstəliyə görə sənəd ala bilmirik? Biz mətbuat vasitəsi ilə prezidentə və Səhiyə nazirinə müraciət edərək problemin həll olunmasını xahiş edirik”.

Günel Hacı