Deyir ki, “uşaq səhərə kimi zarıyıb, südümü istəyir”. “Süd də bir həftə olar azalıb. Yemək də yeyirəm, iştəham pis deyil. Amma nə fayda, südüm quruyur. Südartıran dərmanlar da kar etmir.”
Tanışımın 4 aylıq uşağı var . Ana südü vermək tərəfdarıdı, həmişə “ uşağıma 3 yaşına qədər süd verəcəm” deyə həvəslənirdi. Çox erkən südünün qurumasına görə yamanca dilxordu, səbəbi çox axtardıq. Ailədəki vəziyyətini danışandan sonra, səbəb məlum oldu. Ana südünün kəsilməsində psixoloji gərginlik rol oynayırmış ki, bu da həmin gənc ananın evində bollucadır. Təzə gəlinin yaşadığı evdə vəziyyət belədir. Deyir, qaynana, qaynatamla birgə qalıram. Gəlinin sözündən belə çıxır ki, ərinin ana, atası əməlli başlı “manyak” xarakterlidir. Qaynatası qorxulu filmlərə baxmaq, Azərbaycanın kriminal həyatını izləmək “qurdudur”. Zövq alır, kişi. Hətta qaynata başkəsən, ölümlü xəbər eşitməyəndə, izləməyəndə dilxor olur. “Nə əcəb sakitlikdi”,-deyir. Hərdən qolundan tutub gəlinini də kriminal xəbərlərə baxmağa dəvət edir. Mənim kimi kriminal xəbərçiliyə son qoyulmasını tələb edənlərə hirsi tutur. Və bir gün biz arzumuza çatsaq, yəqin bu kişinin də sonu olacaq.
Gənc gəlinin qaynanası isə Elgiz, Xoşqədəm, Zaurun fanatıdı. Bir verilişi buraxdıranı söyür. İlk nəvəsi beşiyində çığırsa da, nənə ayağa qalxmaz. Başqa ailələrdəki bədbəxt, biçarə vəziyyətləri sey etmək həvəskarı, öz evindəki problemleri heç görmür də. Hətta təkidi ilə dəbdə olan kreditlə evə ikinci televizor aldırıb. Təzə televizor gəlinin yataq otağındadır. Mənim sirdaşımın otağının adı var, amma səfasını qaynanası çəkir. Bir sözlə, ilk nəvə sevincini təzə nənə, baba televizora dəyişib, Allah ağıl versin.
Bəzilərinə sadə görünən vəziyyət fikrimcə, gənc ananın dramıdır. Çox suallı, müəmmalı, bəlkə də potensial qırgın meydanı ola biləcək mühitdi. İndi bu biçarə gəlin neyləsin. Gəlin deyir, darıxanda evdəki televizor hakimlərinin birinin yanında oturmalı oluram. “O boyda faciə, ölüm, ağır xəbər qabağında birtəhər oluram. Həyəcan keçirirəm, dəhşətə gəlirəm. Qaynanam aradan çıxmaq istəyəndə, “az, sən canı axıra qədər bax”,-deyir. (red-R. E. müraciətə bax da, “az”) Hərdən mənə elə gəlir ki, evdəki ağbirçək və ağsaqqalın ürəyi yoxdur. Bu qədər xəbərə, verilişlərə hər dəfəsində böyük həvəslə baxırlar. “Kişi arvadının başını kəsdi”, “məktəbli uşaq özünü asdı”, “əqli zəif qıza təcavüz olundu”, “körpəni küçəyə atdılar”..... Mənim südümü bu verilişlər qurutdu. Baxmaqdan qaçsam da , gözümü yayındırsam da qulaqlarım ki, eşidir. Qulaqcıq da taxa bilmərəm. Bunu da söz edərlər.”
İndi gəlin, bütün çılpaqlığı ilə mənzərəyə baxaq. Evdə televizordan gicbəsər asıllılıq, eqoistlik, telekanlların kriminal xəbər rəqabəti, qaynana və qaynatanın bivecliyi, həm gəlinə, həm də körpəyə hörmətsizlik, gəlinin sıxıntı çəkməsi, onun psixoloji narahatlığı və nəhayət, ana südünə həsrət qalan körpə. Bəlkə də lap pisi, potensial qatilliyi ola biləcək, ailə üzvləri, konkret desək, ağbaşlı qaynata. Bu yerdə gəlinin qanacaq -qabiliyyəti kimə lazımdır, görəsən? Bir neçə gün sonra körpəyə süni qida alan zaman deyinən və gəlini günahlandıran qaynana , qaynatanı nə etməli? Evdə sözü keçməyən gəlinin cavab haqqı yeyiləndə, oğul dinməz-söyləməz qala biləcəkmi? Yazıq gəlin yenə “günüh keçisi”nə dönəcək. Bəli, gəlinin nə ixtiyarı çatır, özünü müdafiə etsin və haqlı çıxsın. Qaynana gəlinin yataq otağında ayağını uzadıb televizora baxanda, qaynata qonaq otağını zəbt edəndə hansı gənc ailə xoşbəxtliyindən söhbət gedə bilər ki? Səs çıxsa, ailə dağılacaq. SUS, demə SOS.