Analoqu olmayan proseslər

analoqu-olmayan-prosesler
Oxunma sayı: 2043



Azərbaycanda, doğrudan da, analoqu olmayan proseslər gedir. Məsələn, qəflətən xəbər tuturuq ki, sən demə, dünənə qədər yazdıqlarını heyranlıqla oxuduğumuz, indiyədək sülhpərvər kimi tanıdığımız Rauf Mirqədirov dövlətə xəyanət edibmiş. Yaxud da kokteyl içməyi yeni öyrənən gənclər “molotov kokteyli” hazırlayırmışlar. 

Mən hələ Elnur Aslanovun tez-tez “aşkarlanıb” mətbuata ötürülən məxfi danışıqlarına toxunmuram. Dünənə qədər millətin fağır balalarına qan udduran Şahin Sultanovun həbsini isə konkret olaraq ilahi ədalət hesab etmək olar.

Qısası, gündəmin belə gərgin vaxtlarında məlum olub ki, hər nazirlik Heydər Əliyevin ad gününə özünəməxsus şəkildə hazırlaşır. Bunların içərisində ən maraqlısı isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirəcəyi “Tolerantlıq kuboku 2014” adlı futbol turniridir. 

İnandırıram sizi, hələ indiyədək heç bir ateist dindarların inancıyla belə əylənməmişdi. Turnirə qatılan komandaların adlarına nəzər salın: “İmam Rza” (Xəzər), “İmam Hüseyn” (Sabunçu), “Həzrəti Məhəmməd” (Səbail), “Məşədi Dadaş” (Nəsimi), “Xanım Zəhra” (Yasamal), “Yəhudi icması”, “Pravoslav Kilsəsi” və s. 

Bu adları oxuyanda ağlıma öncə tv-lərdən izlədiyim futbol reportajları gəldi. 

Yəqin ömründə bir dəfə də olsun Azərbaycan televiziyalarında futbola baxanlar reportaj boyu aparıcıların necə şərhlər verdiyindən xəbərdardılar.  Bir anlıq düşünək ki, “İdman-Azərbaycan” kanalı “İmam Rza” və “İmam Hüseyn” qarşılaşmasını yayımlayır. Aparıcının “İmam Rza İmam Hüseyni darmadağın edərək növbəti mərhələyə vəsiqə qazandı”, “Yaxud da “Katoliklər Xanım Zəhranın son şansını əlindən aldı...” kimi şərhlərini hansı inanclı adam rahatlıqla dinləyə bilər?

“ANS” şərhçilərinin bayağı söhbətlərindən də haliyik. Amma cəfərilərin cəm olduğu kanalda bu cür reportajlar “Bismillahi”, “Əstəğfürullah” kəlmələri işlədilmədən yayımlanmaz. Ki, bu da cansıxıcı olar.
“Lider”dən isə heç danışmıram. Günün günorta çağı pornosüjetlər verən bir kanalın bu reportajda nələr deyə biləcəyini daha özünüz təsəvvür edin. 

Yaxşı, tutaq ki, Dini Komitənin sədri Elşad İsgəndərov hələ cavandı, sabun siyasətinin dərinliklərini bilmir, bəs bu Qafqaz Müsəlmanları İdarəsi hara baxır? 

Bu sualın cavabı məndə olmadığından heç nə yazmıram...