“Anam dedi ki, məni kişiylə eyni yerə basdırın!” - - Əli Həsənov

anam-dedi-ki-meni-kisiyle-eyni-yere-basdirin-
Oxunma sayı: 3856


“Qafqazinfo” xəbər verir ki, Ə. Həsənov doğulduğu yerin tez-tez yuxusuna girdiyini diqqətə çatdırıb: “Atamın qəbri ordadır. Anam rəhmətə gedəndə dedi ki, məni kişiylə eyni yerə basdırın. Biz eyni yastığa baş qoymuşuq. Mən dedim, nə danışırsan, mən ora gedə bilmirəm. Cavab verdi ki, mənə heç olmasa yalanadan de ki, rahat ölüm. Görün nələr var? Torpaqlar azad olandan sonra ya anamın, ya da atamın qəbrini köçürməliyəm. Qəbir də, meyit də qaçqınlıq yaşayır. Görün bizim insanlarımız nələr keçirir bu 20 ildə? Bunu başa düşmək lazımdır. Bizim hökumət nümayəndələrimiz, vəzifəli şəxslərimiz bunu dərk etməli, insanlarla ünsiyyətdə olanda onları başa düşməlidir. Onlarla qaba rəftar etməməlidirlər. Onlar emosional danışa bilərlər. Cibindən qələmin düşüb itəndə bir saat axtarırsan. Bu insanlar isə neçə il qurduqlarını, yaratdıqlarını itiriblər. Bunlar asan məsələ deyil. Burda oturanların 90 faizi bunu dərk edirlər. Çünki o hissləri yaşayıblar. 

Mənim heç yadımdan çıxmaz. Ulu öndər məni bu vəzifəyə təyin edəndə dedi ki, səni ona görə bu vəzifəyə təyin edirəm ki, bütün qohum-əqrəbaların qaçqındır. Bəlkə sən onları başa düşəsən, hiss edəsən. Sən demə problem bunda imiş. Problem idarəçilikdə deyilmiş. Problem ondaymış ki, ora qoyulan adamlar insanları başa düşə bilməyibmiş. Elə bilirsiz ki, indi hamı başa düşür? Bu gün də başa düşməyənlər var. Ona görə də mən bəzən hökumət nümayəndələrinin ünvanına belə danışdığımda məndən inciyərlər. Amma bu belədir. Onlara qarşı münasibət dəyişməlidir. Onların nə günahı var? Onun başına gələn sənin başına da gələ bilərdi. İndi müvəqqəti bu taleni yaşayırıq. Ancaq bu müvəqqətidir. Əziz Kəlbəcərlilər, bu səbri, dözümü bir az da nümayiş etdirin. Biz inşallaha öz torpaqlarımıza qayıdacağıq”. 

Günel