Bu yazını yazıb nöqtəsini qoyandan sonra notbukun qapağını bağlayıb bir kənara qoyacam və səhər xəstəxanaya gedəcəm. Siz bu yazını oxuyanda mən artıq palatada olacam. “No-şpa”, “Spazmalqon” dərmanlarını yığıb zibil qutusuna atıram. Müayinələr zamanı ürəyimdə də ciddi problem olduğu üzə çıxdı. Exokardioqramma ürəkdə stenokardiya olduğunu aşkar etdi. Vikipediyada bu söz haqda belə yazılıb: Stenokardiya ürək nahiyəsində başlayan kəskin ağrı ilə xarekterizə olunan ürəyin işemik xəstəliklərindəndir. Ən çox hallarda bu nahiyədə əmələ gələn ağrı hissinə səbəb, ürəyin qanla təminatının müəyyən müddətə pozulmasıdır. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.
Həkim “siqareti atmalısan” deyir. Amma qəfildən yox, tədricən tərgitmək lazımdır, əks halda infartkla nəticələnə bilər... Üç qutudan bir qutuya endirmişəm. Palatada darıxmamaq üçün özümlə Dostoyevskinin “Yazıçının gündəliyi” kitabını götürürəm. Bir bloknot, qara və qırmızı qələm... Görək həyat xəstəxana pəncərəsindən necə görünür... Uşaqlıqda sarılığa tutulmuşdum, 22 gün Əmircan xəstəxanasında qalası oldum. O xəstəxananın ağır təəssüratları hələ də yaddaşımda yara kimi qalır. Sonra hərbi xidmətdə olarkən əməliyyat olundum və iki dəfə hospitalda yatası oldum. Onda da ciyərimə su yığılmışdı, iki ay palatada qaldım. Hər həftə anama uzun məktublar yazırdım, bu məktublarda birlikdə olduğumuz vaxt ona deyə bilmədiklərimi, ən məhrəm sözləri yazırdım. Heç vaxt anamla belə məhrəm söhbətlər eləməyə macalım olmamışdı, uzun müddət ev-eşikdən uzaq düşməyim bizim ana-oğul münasibətlərimzə bir həsrət, nisgil qatdı, yığılıb qalmış hisslərin, duyğuların bəndini qırdı.
Atam anamı məndən çox istəyirdi, ürəyimdə buna sevinirdim, düşünürdüm ki, qoy həmişə anamı çox istəsin, anamsa heç kəsə mənim namımı
verməzdi, məni həmişə atamın qəzəbindən qoruyardı. Anamın sözə sığmayan oğul məhəbbəti mənə bəs edirdi. Gənc bir ingilis yazıçısı var, Joe Dunthorne. Onun “Oliver Teytin intim gündəliyi” romanında bir yer var, uşaq atasından soruşur ki, əgər evdə yanğın başlasaydı və anamla mən eyni dərəcədə təhlükə altında olsaydıq, birinci kimi xilas edərdi? Ata heç tərəddüd etmədən cavab verir: Mən ananı xilas edərdim, çünki səni xilas etmək üçün bizim birlikdə daha çox şansımız olardı.
Mən hansısa atanın övladının sualına bu cür soyuqqanlı şəkildə cavab verə biləcəyini təsəvvür edə bilmirəm. Bu, övlad üçün ən böyük travmadır. Mənim atam heç vaxt belə cavab verməzdi. Onun məndən ona görə xoşu gəlmirdi ki, heç vaxt onun sözünə qulas asmırdım, ipə-sapa yatan uşaq deyildim. Nə qədər sakit idimsə, bir o qədər də üsyankar idim. Mən onları indi, onlar həyatda olmayan bir vaxtda daha yaxşı anlayıram. Məndən ötrü aşırı nigarançılıq keçirmələrinin, mənə həddən artıq qadağalar tətbiq etmələrinin səbəblərini indi daha dərindən dərk edirəm. Mən onların yeganə övladı idim, onların gələcəklə bağlı bütün ümidləri mənə bağlı idi. Mən sarılıq keçirəndə anam çox böyük sarsıntı keçirmişdi, onun həyəcanı, təşvişi, çırpıntıları indi də gözümün qabağındadır.
Uzun illərdən bəri ciyərimdə yuva salmış virus ölənəcən mənimlə olacaq. Bədəndə qəlpə deyil, dərinin altındakı tilişkə deyil ki, çıxarmaq mümkün olsun. Bilgisayar da deyiləm ki, antivirus yükləyəsən, təmizlənsin.
Ürəyimdən anama uzun, upuzun bir məktub yazmaq keçir... Amma ona xəstə olduğumu yaza bilməyəcəyəm...
Son xəbərlər
Son Xəbərlər