“Anamı boğurdu, evimizi yandırırdı, pişiyi parçalayıb asırdı”

anami-bogurdu-evimizi-yandirirdi-pisiyi-parcalayib-asirdi
Oxunma sayı: 1784

Bakı Ağır Cinayətlər Məhkəməsində evi yandıraraq balaca qardaşını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatındakı prosesdə Vitalinin bacısı Samirə Rzayeva ifadə verərək deyib ki, qardaşının psixi xəstəliyi olub və dəfələrlə anormal hərəkətlər edib: “Dayımı tövləyə salıb qapını bağlayıb yandırmışdı, bir dəfə də küçədə ayaqlarına benzin töküb yandırıb. Evdə daim anamı, qardaşımı döyürdü. Həyətimizdə qalan işçilərə zülm edirdi. Heyvanlara işgəncə verirdi. Pişiyi parçalayıb evdən asırdı, deyirdi bu yaxşı şeydir. Bir dəfə evdə anamın boğazının üstündə oturub onu boğurdu. Qışqırıb köməyə qaçdım, sonra mənim arxamca düşdü, stulu başıma çırpdı. Dəfələrlə evi yandırıb, dəlixanaya yerləşdirmək istəyəndə daha da aqressivləşirdi. Bir dəfə polis vasitəsilə dəlixanaya qoyduq, ordan qaçıb gəlib evi yandırdı, balaca qardaşım evin içində öldü”.

Məhkəmədə ifadə verən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında sanitarları V.Kolosovun xəstəxanadan necə qaçmasından xəbərsiz olduqlarını deyiblər. 

Proses fevralın 13-də davam etdiriləcək.

Hadisə ötən il iyunun 22-də Xəzər rayonunda baş verib. V.Kolosov rayonun Dəmiryol küçəsindəki yerləşən evlərini yandırıb. Yanğında anası, 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və 16 yaşlı qardaşı Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. İyunun 24-də V.Soloveykin dünyasını dəyişib.

V.Kolosov isə ifadəsində evi bacısına görə yandırdığını, anası və qardaşının evdə olmasından xəbərsiz olduğunu deyib.

Murad Əhməd