Anar yenidən Yazıçılar Birliyinə sədr olmaq istədiyini açıqlayıb. Bilmirəm, niyə insanlara elə gəlir ki, yazıçı kresloya yapışıb, qopmur. Lap tutaq ki, dedi “istəmirəm”, nə qazanacağıq? Əksinə, itirəcəyik. O dey, o boyda Rusiyada yazıçılar birliyi necə parçalandı, bizim müxalifət partiyaları kimi bir neçə qanad oldu. Nəticədə də heç birinin səsi doğru-düzgün eşidilmir. Amma bizdə tükənməz, dönməz, monolit birlikdi. Seçki ərəfəsində birsəslə hakimiyyətin real və əvəzolunmaz namizədini dəstəkləməklə əsl simasını göstərir.
Maşallah, üzvlərinin də hamısı illərin təcrübəlisi. Elələri var, Qulu Ağsəsin sözü olmasın, üstündən Qobustan abidələri kimi toz-torpaq tökülür, amma yorulmur, usanmır, daim yazır-yaradır. İndi bir balaca problem var, yazdıqları sərhəddən o taya keçə bilmir, amma əvəzində hökumətimiz əməklərini qiymətləndirir, ev, maşın, hər il büdcədən nə qədər vəsait. Hər şey vaxtlı-vaxtında əllərinə çatır.
Xalqa şeir lazımdı, yazara da haqqı. Nə xalq öz yazarından narazıdı, nə yazar xalqından.
Bəs onda bu araqatmaq, ay “yazıçı gərək ictimai şəxs olsun, ziyalı kimi mövqe ortaya qoysun” kimi destruktiv fikirlər kimə lazımdır? Elə yaxşı elədi şair Şəhriyar Del Gerani cavabınızı verdi. Dedi ki, yazıçı siyasiləşməməlidir, küyə getməməlidir: “Əlbəttə, bunu bütün dövrlərə aid etmirəm, indiki dövr üçün bu belədir. Əgər sən küçəyə çıxıb, qışqırıb-bağırırsansa və bu heç nəyi dəyişdirmirsə, deməli, sən boş adamsan, enerjini boşuna sərf edirsən. Məsəlçün, gənclər çıxdı əsgər ölümləri ilə bağlı etiraz etdi, 8 nəfər həbs olundu, nə dəyişdi? Heç nə. Xülasə indiki məqamda yazıçının ictimai məsələlərdə mövqe bildirməsini lazımsız hesab edirəm”.
Kişi düz deyir. Yadımdadı, cənab Gerani İranda həbs olunanda nətər çığır-bağır salıb adamı İran hökumətinin yanında biabır eləmişdiniz. Hələ bir utanmadan yazırdınız ki, “gənc şair İranda həbs olunub”. Gördünüzmü adamın həbsinin şairliyi ilə heç bir əlaqəsi yox imiş. Boş adam olduğunuzu elə o vaxtdan gənc yazara sübut etmisiz. Bəli, şair düz deyir, mən də yazıçının ictimai məsələlərdə mövqe bildirməsini lazımsız hesab edirəm. Yazıçı gərək belə məsələləri ancaq evdə arvadıyla müzakirə eləsin, ictimailəşdirməsin. Allah göstərməsin, 37-ci ildə elə belə şeylərin üstündə məhv etmədilərmi hamısını?
O vaxtkılara baxmayın e, indikilər yaman yazır, qorumaq lazımdır ki, qələmlərinə zaval gəlməsin.
Hələ bu AYB sədrliyinə yeganə namizəd Elxan Zalın müsahibəsi lap ətimi tökdü. Guya seçilsə, qurumda islahatlar aparacaqmış. Nədi, olmaya hansısa tanışın, qohumun həmişəcavan söz adamlarımız Fikrət müəllimin, Rəşad müəllimin yerinə göz dikib? Bəlkə Çingiz müəllimin sənin islahatlarına ehtiyacı var? Adam dünyanı gəzib e. Əsərləri neçə dilə tərcümə olunub. İndi durub hansısa tərcüməçi onun katib olduğu qurumda islahat aparacaq? Beləsini qətiyyən posta buraxmaq olmaz. Bizdə islahatçıların yeri türmədi, istəməyən xaricə də gedə bilər. Çox o yan-bu yan edər, təzə də qanun çıxacaq, birdəfəlik vətəndaşlıqdan atılar bayıra, qalar yana-yana. Məncə, gedib başını aşağı salıb tərcüməsilə məşğul olsa yaxşıdı.
Bu xalq birdəfəlik bilməlidir; AYB Anara miras qalmış bir qurumdur, onu heç kim kreslosundan dəbərdə bilməz.
P.S. Görəsən Əzrayıl da kürü xoşlayır?