Anarın o biri dünya ziyarəti... - Video

anarin-o-biri-dunya-ziyareti
Oxunma sayı: 12651

Xalq yazıçısı Anar Fəxri xiyabanı ziyarət edib, burada uyuyan valideynləri Rəsul Rza ilə Nigar Rəfibəylinin və bir sıra dostlarının məzarlarına baş çəkib.

“Qafqazinfo”nun məlumatına görə, bunlar arasında Emin Sabitoğlu, Rüstəm İbrahimbəyov, Fikrət Qoca, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi dühalar var.

O bunu əks etdirən görüntülərlə yanaşı, dostları ilə bağlı 2022-ci ildə qələmə aldığı şeiri də feysbuk hesabında paylaşıb:

İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.