Anarın qızı kitabını təqdim etdi - Fotolar

anarin-qizi-kitabini-teqdim-etdi
Oxunma sayı: 2200

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ədəbi gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşov olub.

Kitabın təqdimatına həsr olunmuş musiqili gecədə incəsənət nümayəndələri və siyasətçilər qatılıb.

"Seçilənlər" kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərxad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla başqa böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.

Xatırladaq ki, kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının yaradıcısı və baş redaktoru olduğu ANS- pressin "El", Mədəniyyət və Turizm Nazirliyinin "Pəncərə (mədəniyyətə baxış)", Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurnallarında, eləcə də başqa mətbu orqanlarda çap edilmişdir.

Fotolar : Nuran