Anası Şahbazın girov götürülməsindən xəbərsizdir- - Video

anasi-sahbazin-girov-goturulmesinden-xebersizdir-
Oxunma sayı: 2448


Şahbazgilin qapısına gedəndə işimizi əvvəlcədən bilirdik. Sənəm ananın yanında Şahbazın başına gələnlərdən qətiyyən danışmaq olmaz...

Amma asan deyil. Hansı qapıya, kimin evinə gəldiyini yaxşı bilirsən. Şahbazın görüntüsü isə adamın gözlərinin qarşısından çəkilmir.

Sənəm ana çölə çıxır, üzünün rəngindən tutmuş bütün cizgilərinə qədər sanki Şahbazın oxşarı dayanıb qarşımda. Özümü itirsəm də, Sənəm ananın zarafatları vəziyyəti dəyişməyə kömək edir.

İndi necə deyəsən ki, bu qapıya Şahbaza görə yox, hansısa başqa bir səbəbdən gəlmişik. Elə eləmək lazımdır ki, Sənəm ana Şahbazın erməni girovluğunda olmasından xəbər tutmasın. 

Şahbaz Quliyev 1968-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 2014-cü ildə 3 dost Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov ermənilərin işğal etdiyi Kəlbəcər rayonuna öz doğmalarının qəbirlərini ziyarət etməyə getmişdilər. Erməni hərbçilərinin girov götürdüyü həmyerlilərimizdən Həsən Həsənov öldürülüb, Şahbaz və Dilqəm isə indiyədək girovluqdadır.

Sənəm anadan oğlu haqda birbaşa heç nə soruşa bilməsək də, dolayısı ilə haqqında söhbət açmağa çalışırıq.

Mərd, çalışqan və fədakar ana var qarşımızda. Elə Şahbazın və dostlarının mərdliyi, cəsarəti də belə qəhrəman anaların bətnində yoğrulub, cana-qana qarışıb. Bütün mərd oğul və qızların adından Sənəm ana ilə sağollaşıb, ayrılırıq.

Xəzər Xəbər