Anasının qəbir yerini satanlar

anasinin-qebir-yerini-satanlar
Oxunma sayı: 1817


Biz yas yerinə çatanda cənazə namazı qılınırdı. Molla sakitləşməsi üçün ona bir neçə dəfə işarə etsə də, özünü ələ ala bilmirdi. Tabutu qaldıranda yenidən hönkürməyə başladı. Yaxınlaşıb əlimi çiyninə qoydum: “Yekə kişisən, özünü ələ al!”

Biləyi ilə gözünün yaşını silib, tabutun arxasınca düşdü...

Qəbiristanlığa eyni maşında getdik. Yasamaldan Zabrata kimi gözünün yaşı qurumadı. Məndən xeyli böyük olsa da, onu sakitləşdirməyi özümə borc bildim: “Anan dövranını sürüb getdi. 86 il yaşamaq hər adama nəsib olmur. Başına-gözünə az döy, Allaha ağır gedər”.

Başı ilə sözlərimi təsdiqləsə də, fikri başqa yerdə idi...

Hava çiskinli olduğu üçün dəfn mərasimi qısa çəkdi. Molla dini ayinləri yerinə yetirəndən sonra cənazəni torpağa tapşırdıq. Evdə olduğu kimi, qəbiristanlıqda da göz yaşlarına ara vermədi. Onun bu hərəkəti çox adamın narazılığına səbəb olsa da, həssas məqam olduğunu nəzərə alıb, heç kim səsini çıxarmadı.

Biz onun Yasamaldakı ata ocağına qayıdanda göz yaşlarına yenicə ara vermişdi. Amma hələ də fikri özündə deyildi. Xəyal onu qanadlarına alıb, çox uzaqlara aparmışdı...

Bir stəkan çay içib, bayıra çıxdıq. İndicə yandırdığı siqaretin acı tüstüsünü ciyərlərinə çəkəndən sonra belə dedi: “Məni anamın ölümündən çox, onun sonuncu arzusunu yerinə yetirməməyim yandırır”.

Yanımızda başqa adam olmadığı üçün ağsaqqallıq missiyasını yenə mən üzərimə götürməli oldum: “Rəhmətlik nəvələrinin də toyunu görmüşdü. İnsan üçün bundan böyük xoşbəxtlik nə ola bilər?!”

Çarəsiz adamlar kimi əlini-qolunu yanına saldı: “Beş manat pula görə atamla anamı bir-birindən ayırdım. O biri dünyada ikisinin də əli yaxamda olacaq”.

Heç nə başa düşmədiyim üçün sakitcə onun üzünə baxdım. Məni çox intizarda qoymadı: “Atam 15 il əvvəl dünyasını dəyişib. O vaxt imkanım yaxşı olduğu üçün Yasamal qəbiristanlığında böyük bir ərazi götürüb, atamı orda dəfn etdik. Yanında iki qəbirlik boş yer qalmışdı. Anam həmişə deyirdi ki, məni atanın yanında basdırarsan. Yazıq arvad canını tapşırana kimi bunu deyib durdu”.

Qeyri-ixtiyari soruşdum: “Bəs, niyə ananı atanın yanında dəfn etmədiniz?”

Yenə siqaret yandırdı. Amma nə fikirləşdisə, yandırdığı siqareti ayağının altına atıb, əzik-əzik elədi. Ətrafa göz gəzdirib, heç kimin onu eşitmədiyinə əmin olandan sonra söhbətinə qaldığı yerdən davam etdi: “Anam iki il əvvəl yatağa düşdü. Onun dava-dərmanı çox pul apardı. Artıq əlimdə-ovcumda heç nə qalmamışdı. Bu vaxt qonşuda cavan bir oğlan rəhmətə getdi. Qardaşı imkanlı adam idi. Xahiş etdi ki, atamın qəbrinin yanındakı boş yeri onlara satım. Yaxşı pul verdiyi üçün çar-naçar razı oldum. Aldığım pulun hamısı dava-dərmana getsə də, arvadı ayağa qaldıra bilmədim. İndi çox peşman olmuşam. Bilmirəm, o biri dünyada anama necə cavab verəcəyəm...”

Neçə gündən bəri bir sual beynimdə dolaşıb durur: kimdir günahkar? Ehtiyac üzündən anasının qəbir yerini satan oğul, yoxsa onu buna vadar edən zəmanə?

Belə zəmanənin üzü qara olsun...