“Ani ehtiyatsızlığımız dəhşətli fəlakətə səbəb ola bilər”

ani-ehtiyatsizligimiz-dehsetli-felakete-sebeb-ola-biler
Oxunma sayı: 1773

Ötən ayın sonlarından etibarən bütün dünyanı bürüyən yanğınların coğrafiyası getdikcə genişlənir. Artıq Rusiya, ABŞ, Cənubi Amerika, Afrika, Avropa İttifaqı ölkələrinə qədər yayılan yanğınlar 10 minlərlə hektar ərazini əhatə edir. 

“Qafqazinfo” xəbər verir ki, NASA agentliyinin peyk xəritələrində İtaliya, Yunanıstan, Rumıniya, Makedoniyada və digər ölkələrdə müxtəlif miqyaslı meşə yanğınlarının olduğunu qeydə alıb. Bir həftədən çoxdur ki, qonşu Türkiyənin 40-a yaxın əyalətini cənginə alan meşə yanğınları kəndlərə, yaşayış məskənlərinə doğru irəliləyir. Yanğınların lokallaşdırılmasında çətinlik çəkən ölkəyə bir çox dövlətlərdən, o cümlədən, Azərbaycandan yanğınsöndürmə briqadaları və texnika köməyə gedib. 

Böyük miqyaslı olmasa da, Azərbaycanın cənub bölgələrinin meşə sahələrində də yanğınlar müşahidə olunur. Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar və Ekologiya və təbii sərvətlər nazirliklərinin regional bölmələri hərəkətə keçiblər. 

İlin ən isti və quraq, həmçinin kənd təsərrüfatı mövsümü olduğunu nəzərə alsaq, yanğının daha böyük problemlərə gətirib çıxaracağı qaçılmazdır. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin “Qafqazinfo”ya bildirdiyinə görə, bitki örtüyü - kolluqlar, ağaclar torpaqları eroziyadan qoruyur. Onların məhvi torpaqların aşınmasına gətirib çıxarır:

“Əgər yanğın baş verirsə, bitkilər məhv olur. Bu da eroziyanın yaranmasına səbəb olur. Meşə qorunarsa, yanğın olmazsa, ölkədə ağac əkinləri daha geniş həyata keçirilərsə, meşə sahələri 25-30 faiz olarsa, təbiətimiz gözəlləşər, hava təmiz olar, suyumuz bol olar, insanlar normal oksigen qəbul edə bilər. Təəssüflər olsun ki, bu yanğın məsələsinə ciddi yanaşılmır, bəzən insanlar öz əkin sahələrini biçindən sonra yandırırlar. O yanğın da yayılır, meşə ərazilərinə gedib çıxa bilir. Meşələrdə istirahət edənlər də bəzən ehtiyatsızlıqdan, bəzən qəsdən yanğına səbəb olurlar. Bunun qarşısı alınmalı və ciddi nəzarət olunmalıdır”. 

Ekspertin sözlərinə görə, meşə yanğınlarının yalnız kənd təsərrüfatına deyil, ekologiyaya da çox ciddi mənfi təsirləri var: “Meşə insan həyatı üçün çox vacibdir. Azərbaycanda 11 faiz meşə sahəsi var, ona görə də biz meşə çatışmazlığından əziyyət çəkirik. Havalar isti keçəndə yanğınlar çox şiddətli olur. Su qıtlığının yaranması... Azərbaycan ekologiyasında baş verən fəlakətlər də bununla bağlıdır”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova insan ehtiyatsızlığı nəticəsində baş verən yanğınların qarşısıalınmaz fəsadlara gətirə biləcəyini söyləyib. Nazirlik rəsmisi vətəndaşlara çağırış edib: "Son günlər baş verən meşə yanğınları hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, "nə edək ki, belə qarşısı çətin alınabilən fəlakətlə üzləşməyək?" kimi düşündürücü sual da yaradıb. 

“Təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək. Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər”. 

Gülnar Əliyeva

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.