ANİİA -nın 6-cı yığıncağı keçirildi - Fotolar

aniia-nin-6-ci-yigincagi-kecirildi
Oxunma sayı: 2325

Yanvarın 31-də Göyçay rayonunda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) VI Ümumrespublika Yığıncağı keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo), “Aqrar Tədarük və Təchizat” ASC-nin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələrinin, 10-na yaxın beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və narçılıq fəaliyyəti ilə məşğul olan fermerlərin iştirakı ilə baş tutmuş tədbirdə ümumilikdə 300-ə qədər iştirakçı qatılıb. 

Yığıncağın məqsədi 2019-cu ilin yekunlarını və 2020-ci ildə fəaliyyət istiqamətlərini müzakirə etmək olub. Tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarını salamlayaraq 2019-cu il ərzində assosiasiyanın gördüyü işlər, əldə etdiyi nailiyyətlər, üzvlərin sayının 345-ə çatması, assosiasiyanın yerli və beynəlxalq sərgilərdə iştirak etməsi, sosial layihələrin həyata keçməsi və digər həyata keçirilən tədbirlər haqqında məlumat verib. 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirib, fəaliyyətlərinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanın təmin edilməsi istiqamətində fəaliyyəti barədə çıxış ediblər. 

Tədbir çərçivəsində Avropa İttifaqının keçirdiyi qrant müsabiqəsində qazanılan “Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək (STEP)” layihəsi və ANİİA-nın 2020-ci il üçün fəaliyyət planı haqqında ətraflı məlumat verilib. Layihənin əsas məqsədi narçılığın geniş yayıldığı aran-iqtisadi rayonlarında narçılıq fəaliyyəti ilə məşğul olan icmaların rifahının artırılması, yüksək keyfiyyətli məhsulların bazara nüfuz etməsinə şərait yaratmaqdır.

Daha sonra 2019-cu ildəki təlimlərdə narçılar arasında keçirilmiş təməl sorğunun nəticələrini tədbir iştirakçılarına çatdırılmış, nəticələrə əsasən narçılıqdakı real vəziyyəti göstərilib.
Aran rayonlarından iştirak etmiş assosiasiya üzvləri narçılıq sahəsindəki problemləri məruzə etmiş, təkliflərini bildirərək müzakirələrdə fəal iştirak ediblər. Problemlərin həlli məqsədilə müvafiq dövlət qurumlarına assosiasiya adından müraciət olunmasına qərara alınıb. 

Tədbirin sonunda “Aznar” QSC-nin və “Az-Granata” MMC-nin rəhbərləri narçılıq sahəsinin inkişafına verdiyi tövhəyə və assosiasiyanın fəaliyyətində yaxından iştirakına görə “Azərbaycan Narı” döş nişanı ilə, ANİİA-nın digər üzvlərini isə narçılıq sahəsinin inkişafındakı xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edilib.