Anım Günündə yollarla bağlı - DYP-dən Açıqlama+Video

Anım Günündə yollarla bağlı
Oxunma sayı: 1109

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq əvvəlcədən xəbərdar olunduğu kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən hərəkətin təşkili ilə bağlı tədbirlər görülüb.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhidlərin xatirəsini yad etmək üçün İkinci Şəhidlər xiyabanı və Dağüstü park istiqamətində avtomobillərin axını müşahidə olunub: “Anım Günü ilə əlaqədar olaraq şəhid hərbçilərimizin ailə üzvləri, yaxınları, eləcə də digər vətəndaşların bu istiqamətlərdə səfərləri artıb. Ərazidə parklanma imkanları məhdud olduğu üçün müəyyən qədər sıxlıq müşahidə olunub. Bununla belə dövlət yol polisi əməkdaşlarının ziyarət başlayandan bitənədək apardığı xidmət və hərəkətin tənzimləməsi üçün görülən tədbirlər nəticəsində bütün vətəndaşların Şəhidlər Xiyabanına giriş-çıxışı təmin edilib.

Xiyaban ərazilərində vətəndaşların rahat hərəkəti üçün avtomobillərin əraziyə girişi məhdudlaşdırılıb. Müstəsna hallarda polis əməkdaşları tərəfindən yaşlı və yeriməkdə çətinlik çəkən vətəndaşların məzarların olduğu yerə qədər aparılması təmin edilib. Sözügedən ərazilərdə heç bir narahatlıq doğuran hal və insident baş verməyib. Bir daha vətəndaşlara göstərdikləri anlayış üçün təşəkkür edirik”.