Ankarada “Azərbaycan gecəsi” keçirilib

ankarada-azerbaycan-gecesi-kecirilib
Oxunma sayı: 633

“Qafqazinfo”nun AzərTAc-a istinadən əldə etdiyi məlumata görə, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirəl ölkəmizin Türkiyədəki səfirliyinin hazırladığı “Azərbaycan guşəsi” ilə tanış olublar. Azərbaycanın müxtəlif sahələrdəki uğurları ilə bağlı məlumatlar, surətli iqtisadi inkişafı, Bakının dəyişən simasını əks etdirən materiallar, zəngin mədəniyyətimizin ayrılmaz parçası olan milli geyimlərimiz və qədim musiqi alətlərimiz iştirakçılarda böyük maraq doğurub.
Türkiyənin siyasi dairələrinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, diaspor təmsilçiləri, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən Faiq Bağırov deyib ki, bu cür festivalların təşkili geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan belə tədbirlərə böyük önəm verir və fəal iştirak edir.
Sonra, Etimesqut rayonunun stadionunda səfirliyin təşəbbüsü ilə Bakıdan gələn musiqiçilərin konserti olub. Onların ifasında Azərbaycan və türk mahnıları səslənib, milli rəqslərimiz, eləcə də Azərbaycanda yaşayan digər xalqların rəqsləri ifa olunub.
Festival çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan gecələri də keçiriləcək.